Hüseynqulu Bağırov: ”Bəzi ölkələrin idmançıları divarla dırmanmır, qaçırlar..." - MÜSAHİBƏ
22 iyun 2013 19:43 (UTC +04:00)

Hüseynqulu Bağırov: ”Bəzi ölkələrin idmançıları divarla dırmanmır, qaçırlar..." - MÜSAHİBƏ

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırovun Lent.az-a müsahibəsi

 

- Bakıda ilk dəfə keçirilən idman dırmanması üzrə Dünya Kuboku barədə nə deyə bilərsiniz?

 

-  Bu növün inkişafı Beynəlxalq İdman Dırmanması Federasiyası tərəfindən də qiymətləndirildi və Dünya Kubokunun Azərbaycanda keçirilməsinə qərar verildi. Biz isə qısa zamanda hazırlıq işlərini görməyə çalışdıq. Ölkə rəhbərliyinin bu idman növünə də böyük diqqəti onunla nəticələndi ki, Dünya Kuboku mötəbər yerdə keçirildi. Yarışda iştirak edəcək 17 idmançımızın yaxşı çıxış edəcəyinə ümidvaram.

 

- Bəs idman dırmanmasının 2015-ci il Avropa Oyunlarının proqramına salınması mümkündürmü?

 

- Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti Marko Skolaris ötən gün bu məsələni Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə müzakirə edib. Amma nəticəsi mənə hələ tam məlum deyil. Çünki təşkilati məsələlərlə çox yüklənmişdim. Hələ müzakirə gedir.

 

- Ümumiyyətlə, gələcəkdə bu idman növü Yay Olimpiya Oyunlarının proqramına salına bilər?

 

- Bunun üçün işlər gedir. Amma təəssüf ki, idman dırmanması kiçik siyahıya düşə bilmədi. Bu, doğrudan da heyfsiləndirici faktdır. Çünki bir sıra növlər, məsələn, skvoş 4 növdən ibarət kiçik siyahıya düşüb. İdman dırmanması çox dinamik növdür. Skolaris həmişə deyir ki, insan yeriməmişdən öncə dırmanmağı öyrənir. Yadınıza öz uşaqlığınızı və ya övladlarınızın uşaqlığını salın. Bu, çox təbii insan hərəkətidir. Həm də sağlam həyat tərzidir. Bəzi ölkələrin idmançıları divarla dırmanmır, qaçırlar. Bəlkə də bu, müəyyən şəraitlərdə bizə lazımlı idman növüdür. Həm yaxşı çəki saxlamağa, həm də sağlam həyat tərzi sürməyə.

 

- Azərbaycanda bu idman növünə maraq necədir?

 

- Getdikcə artır. Çox sürətlə. 4-5 il öncə kiminsə idman dırmanması növünün mövcudluğundan təsəvvürü var idi. Amma indi ölkəmizdə Dünya Kuboku keçirilir, artıq 3 dırmanma divarı istifadədədir. Hamısı da gənclər üçün ödənişsiz, sərbəstdir. Gələcəkdə bu lövhəni başqa yerdə də quraşdıracağıq və gənclərin istifadəsində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971
avatar

Oxşar yazılar