Hüseyn Məhəmmədov: “Qarabağ” üzərinə düşən işin 50 faizini yerinə yetirib”
“Hesabat turunda “Sumqayıt” - “Neftçi” matçını izlədim. Digər oyunların hesabları barədə də məlumatlıyam. Öz oyunlarımız və məşqlərimiz olduğu (I divizionda çalışır) üçün vaxt bir qədər az olur. Qarşılaşmada Sumqayıt təmsilçisi daha aktiv görünürdü, qələbəyə daha istəkli idi”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, futbol veteranı Hüseyn Məhəmmədov deyib.
Topaz Premyer Liqasında XII turun oyunları baş tutub. Avropa Liqasının qrup mərhələsi öncəsi “Qarabağ” və “Qəbələ” vacib qələbə qazanıblar. Premyer Liqanın hesabat turunun oyunlarını, həmçinin qarşıdakı avrokubok matçlarını dəyərləndirən sabiq qapıçı söhbətə “Sumqayıt” – “Neftçi” (2:0) matçı ilə başlayıb. Bakı klubunda həm məşqçi, həm də futbolçu kimi çalışan mütəxəssis komandanın məğlubiyyətini həzm edə bilmədiyini deyib: “Bu komanda əməyi olmuş bir futbolçuyam. Ən azından erməniləri heyətində məğlub etdiyim klubdur. Bu səbəbdən də onların uduzmasını qəbul edə bilmirəm. Çempion olduğum, yaxşı günlər yaşadığım komandanı acınacaqlı durumda deyil, zirvələrdə görmək istərdim. Baş məşqçi dəyişikliyi də oldu. Lakin başqa bir çalışdırıcı da gəlsəydi, nəticə belə olmalı idi. Futbolçulara nəzər saldıqda, görürsən ki, onlar “Neftçi”yə layiq deyillər. Komandada əsas problem də bununla da bağlıdır. Bir qədər öncə Əsgər Abdullayevi Vəli Qasımov əvəzlədi. Amma eyni futbolçular olduğundan bu nəticəyə təsir etmədi”.
“Neftçi”nin uğursuz çıxışana görə hamı Müşahidə Şurasını qınayır. Artıq şuranın bir üzvü – Bəhram Bağırzadə istefa verib. “Sizcə uğursuzluqlar istefa dalğasını artıracaqmı və ya bunlar vəziyyətdən çıxış yoludurmu” sualını cavablandıran H. Məhəmmədov bildirib ki, əsas məsələ futbolçularla bağlıdır: “Məsələn, o vaxt belə bir fikir formalaşmışdı ki, mən, Vidadi Rzayev, Mahmud Qurbanov olan komanda çempion tituluna yiyələnirdi. Rəhbərlik və ya məşqçi heyəti futbol oynamır. Əsas söhbət yaxşı oyunçuların olmasıdır. Yəqin ki, o da “Neftçi”nin azarkeşi kimi məğlubiyyəti qəbul edə bilməyib, çıxış yolunu bunda görüb. Komanda ilə bağlı fikrimi belə yekunlaşdırım ki, onlar üçün artıq mövsüm bitib. Ancaq avrokubok üçün “vuruşa” bilərlər”.
Hesabat turunun digər matçları barədə də danışan veteran futbolçu liderlərdən “Qəbələ”nın “Zirə”ni, “Qarabağ”ın “Kəpəz”i məğlub etməsinin avrokubok oyunu öncəsi faydasından da danışıb.
H. Məhəmmədov Avropa Liqasında “Anderlext”i qəbul edəcək “Qəbələ”yə xal lazım olmasa belə azarkeşləri üçün oynayacağına inam ifadə edib: “Onlardan yaxşı oyun, xal gözləyirəm. Komandanın üzərində hansısa təzyiqin olmamasının oyunlarına nə dərəcədə təsirinə gəlincə, azarkeşlər həmişə klubundan qələbə gözləyir. Baş məşqçi Roman Qriqorçukun matçı məşqçilər meydançasında deyil, kənardan izləməsi isə futbolçularda məsuliyyəti də artıracaq”.
Azərbaycan çempionu “Qəbələ”yə uğur qazanmaq üçün əvvəlki 4 oyunda çatışmayan meyarlardan da söz açıb. O bildirib ki, əgər illər öncə avrokubokda 1-2 mərhələ keçmək tələb olunurdusa, bu günki şəraitə görə klublardan qrupa düşmək, ordan növbəti mərhələyə keçmək istənilir: “Elə bir oyun yoxdur ki, “Qəbələ” hansısa klubdan zəif oynasın və ya əksinə. Bəzi Avropa ölkələrinin futbolunda da eniş var. Amma “Qəbələ”nin qrupunda səviyyəli, adlı-sanlı komandalardır. İstər-istəməz belə rəqiblərlə oynamaq çətindir”.
Ölkəmizdə azarkeşlərin əsas diqqəti “Qarabağ”a yönələcək. Çünki 1/16 finala adlayan ilk Azərbaycan klubu ola bilər. Ağdam təmsilçisinin “Slovan”la matçı proqnozlarını verən sabiq futbolçu bildirib ki, Qurban Qurbanovun komandası üzərinə düşən işin 50 faizini yerinə yetirib: “Qarabağ” qrup mərhələsinin son 2 turundan ən azı 3 xal götürə bilər. Elə “Slovan”la matçda bu zəfərin əldə olunması mümkündür. Komandamızın taleyi öz əlindədir və Çexiyada qalib gəlməklə son görüşü formallığa çevirə bilər. Buna inanıram”.
Klublarımızın Çexiya təmsilçilərinə qarşı sindromundan da danışan mütəxəssis kapitan Rəşad Sadıqovun yoxluğunda komandanın bir qədər çətinlik çəkəcəyini deyib: “Onunla mən də birgə oynamışam. Rəşad meydanda olanda mənim özümdə də bir qədər rahatçılıq vardı. Bilirdim ki, artıq heç bir şeylər etmir. Lazım olan məqamda lazımı hərəkətləri edir, müdafiəni tənzimləyir. Əlbəttə, Rəşadın olmaması bir balaca etibarlığı əldən alır”.
Oyun öncəsi Qurban Qurbanov futbolçulara danışmağa qadağa qoyub. Belə hallardan danışan H. Məhəmmədov bildirib ki, bir vaxtlar komanda yoldaşı olduğu mütəxəssisin bu addımını alqışlayır: “Ola bilər ki, bizim mətbuat hansısa açıqlamanı verər və qarşı tərəf bunu “oğurlayar”. Bu da rəqibə motivasiya verər. Fikrimcə, rəqibi qıcıqlandırmamaq üçün düz addımdır”.
Qış fasiləsinə iki tur qalıb. Kimin yeni ilə 1-ci yollanacağı da bu iki komandanın mübarizəsində bəlli olacaq. H. Məhəmmədovun sözlərinə görə, “Qarabağ” diqqəti daha çox Avropa Liqasına yönəldəcəyindən, Topaz Premyer Liqasında qış çempionluğuna “Qəbələ” şanslıdı.
371