Əvvəlcə Azərbaycanın və Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) bayrağı qaldırılıb.
Tədbirin açılış mərasimində çıxış edən CİSM-in prezidenti Hamad Kalkaba Malboum yarışın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və kubok iştirakçılarına uğurlar arzulayıb. O, bildirib ki, hərbçilər arasında futbol üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçirilir və bu, tarixi hadisədir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan CİSM ilə yaxından və yüksək səviyyədə əməkdaşlıq edir: “Bu yarışlar Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına öz müsbət təsirini göstərib. Ümidvaram ki, bu yarış Azərbaycanın idman tarixində özünəməxsus yer tutacaq”.
Yarışın təşkilat komitəsinin sədri, müdafiə naziri general-polkovnik Səfər Əbiyev iştirakçılara prezident İlham Əliyevin salamlarını çatdırıb. Nazir bildirib ki, idman xalqlar arasında dostluğa, qardaşlığa, qarşılıqlı anlaşmaya yardım göstərən vasitələrdəndir. İndiyədək Azərbaycanda CİSM-in dzyü-do, güləş və boks üzrə dünya çempionatları keçirilib və Azərbaycan qurumun Avropa konfransına ev sahibliyi edib: «Yenidən CİSM-in qərarı ilə belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsini idmançılarımızın o cümlədən hərbçilərimizin dünya idman aləmində tutduğu yerə verilən qiymət kimi dəyərləndirir və belə bir mötəbər yarışı Azərbaycanın idman həyatında mühüm hadisə hesab edirik».
Nazir deyib ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən CİSM-in üzvüdür: “İndiyədək ordu idmançıları CİSM tədbirlərində 170-dən çox medal qazanıblar. Bütün qitələri təmsil edən hərbçi idmançıların bu çempionatda iştirakı xalqlar arasında, eyni zamanda hərbçilər arasında da mehriban dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir”.
Açılış mərasimi iştirakçı komandaların nümayəndələrinin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.
Daha sonra yarış çərçivəsində Azərbaycan və Mali komandalarının qarşılaşması olub.