AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında futzal üzrə Yüksək Liqanın XXVI turu çərçivəsində keçirilən “Marafon Futsal” – “Araz” matçındakı neqativ hallar müzakirə olunub. Apasport.az saytının məlumatına görə, İK “Araz”ın oyunçularına cəza “yağdırıb”.
Aprelin 28-də baş tutmuş görüşdə çempionun düz 4 üzvü meydandan qovulub ki, onların hər biri millinin formasını geyinir. Kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Eduardo Borqes və İsa Atayev 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Qapıçı Rövşən Hüseynli son dəqiqədə ikinci sarı vərəqə ilə meydanı tərk edib ki, bu, onun 1 oyunu buraxması ilə nəticələnəcək.
Xətai Bağırovun cəzası isə daha ağır olub. Belə ki, 18-ci dəqiqəsində hakimi təhqir edən Bağırov 4 matçlıq cəza ilə üzləşib.