“Bu addım çoxdan atılmalı idi. Çingiz Abdullayevin təyinatının uğurlu olacağına inanıram”. Bunu apasport.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Tanınmış yazıçı Çingiz Abdullayevin “Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri postuna təyin olunmasına münasibət bildirən Hacıyev bu addımı yüksək dəyərləndirib: “Çingiz müəllim çox dəyərli ziyalıdı. Azərbaycanda fəxr ediləsi insanlardan biridi. Yaxından tanıdığıma, onun qeyrətinə bələd olduğuma görə, bu təyinatına çox sevindim. Milli qeyrəti olan insanın “Neftçi” kimi komandaya rəhbər seçilməsi uğurlu addımdı. Çünki Çingiz müəllimdə milli qürur var. “Neftçi” elə komandadı ki, onun adına layiq rəhbəri olmalıdı. Düşünürəm ki, Çingiz müəllim Azərbaycanda elm sahəsinin inkişafına necə xidmət edibsə, varlığı ilə futbol sahəsində də bu cür mövqe tutacaq. Onun prinsipiallığı, iş təcrübəsi, dünyada tanınması “Neftçi”yə böyük uğur gətirəcək. Arzu edirəm ki, Çingiz müəllim “Neftçi”ni ən yüksək yerlərə daşısın”.
Hacıyev “yazıçının futbolda nə işi var?” deyən insanların yanlış düşüncədə olduqlarını bildirib: “Deyirlər ki, futbolda peşəkarlıq mühüm amildi. Bunların hamısı boş söhbətlərdi. Əsas əməkdaşlarla dil tapmaq, komandanı düzgün istiqamətə yönəltmək, onlara milli qüruru aşılamaq və ruhlandırmaqdı. Bunların hamısı Çingiz müəllimdə var. Ziyalı hər yerdə sözünü deməyi bacarır. Çingiz müəllim kimi ziyalılarımızın bu cür vəzifələrdə olması daha çox xeyir verər. Əminəm ki, qısa müddətdə bu təyinatın xeyrini hər kəs görəcək”.
“Neftçi”nin azarkeşi olduğunu deyən Hacıyev başına gələn maraqlı bir hadisəni də danışıb: “Bir dəfə “Neftçi”nin İrəvanda “Ararat”la oyununa getmişdim. Kəlbəcərdə komsomol katibi vəzifəsində işləyirdim. Həmin görüşdə “Neftçi” qol vuranda, ermənilər sakit durmadılar, balta ilə əl-qolumuzu çapdılar. Həmin izlər bu gün də qalır. “Neftçi”nin azarkeşi kimi, Çingiz müəllimə hər cür köməklik etməyə hazıram”.
Hacıyev digər klublardan rəhbər postuna keçmək təklifi olunarsa, bunu məmnuniyyətlə qəbul edəcəyini də vurğulayıb: “Siyasətlə məşğul olmağıma baxmayaraq, mənə ən zəif komandanı versinlər, onu ən yüksək yerlərə qaldıraram. Bu gücü özümdə görürəm. Təklif gəlsə, mütləq dəyərləndirərəm və həmin komandanı layiqli yerlərə daşıyaram”.