Gürcüstan idmançıları 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında iştirak edəcəklər. Lent.az-ın məlumatına görə, bu barədə qərar Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) fövqəladə sessiyasında verilib.
Səsverməyə komitədə qeydiyyatdan keçmiş 46 nümayəndə iştirak edib. Onlardan heç biri Rusiyadakı olimpiadaya getməyin əleyhinə səs verməyib. MOK prezidenti Leri Xabelov bu münasibətlə hamını təbrik edib.
Qeyd edək ki, hazırda Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər yoxdur. Münasibətlər 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra pozulub.