Gürcüstan Futbol Federasiyasının (GFF) Hakimlər Komitəsi tam tərkibdə istefa verib. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, buna 8 ədalət təmsilçisinin Gürcüstan Daxili İşlər Nazirliyinin Antikorrupsiya Agentliyi tərəfindən saxlanılması səbəb olub.
GFF prezidenti Zviad Siçinava istefaları qəbul edib. O, FİFA və UEFA-nı da məlumatlandırıb.
Saxlanılanlar arasında beynəlxalq dərəcəli hakim Tornike Qvantseladze də var. Hakimlər kommersiya məqsədi ilə satın alınmaqda ittiham olunurlar. İstintaqla müəyyən edilib ki, saxlanılanlar vətəndaşlarla idarə etdikləri oyunlarda göstərəcəkləri sarı və qırmızı vərəqə sayında 2500 dollardan 5000 dollaradək məbləğə razılığa gəliblər. Bunun köməyi ilə müttəhimlər həmin vətəndaşlara pul qoyuluşlarından uduş imkanı yaradıblar. Günahları sübuta yetiriləcəyi təqdirdə, tutulanları 4 ildən 6 ilədək həbs gözləyir.
Siçinava GFF və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində korrupsiya əməlinin üzə çıxdığını bildirib. O, polisə müraciət edərək, vətəndaşların da adlarının açıqlanmasını istədiyini, həmin şəxslərin futbol ailəsinin üzvlərindən olmasından şübhələndiyini bildirib. GFF prezidenti Gürcüstan yüksək liqasında baş hakimin 840 lari (təqribən 420 manat), köməkçilərinin isə 500 lari (250 manat) qonorar aldıqlarını xatırladaraq, ədalət təmsilçilərinin çirkin oyunlarda iştirakından təəssüflənib. Federasiya başçısı pul qoyuluşlarının Asiya totalizatorlarında edildiyini də diqqəyə çatdırıb.