Həyatda futboldan daha vacib, önəmli məsələlər var. Xalqımızın birliyi, dövlətçiliyimizin qorunması, torpaqlarımızın müdafiəsi, Vətən övladlarına dost-düşmənin kim(lər) olduğunu beşikdən aşılanması...
Bu gün dünyada ən böyük, təsirli, atom bombasına bərabər silahlardan biri təbliğat mexanizmidir. Müasir dövrümüzdə teleradio və elektron mətbuatın pik zirvəsində olması informasiya müharibəsini ön plana çəkib. Dünyanın aparıcı dövlətləri KİV savaşına milyardlarla dollar vəsait xərcləyir, 24 saat yorulmadan informasiya müharibəsini aparır.
Futbol bir oyundur...
Bununla yanaşı idman səviyyəsini çoxdan aşıb. Futbol artıq siyasətdir, iqtisadiyyatdır, dövlətlərin dünyada özünü göstərməsi, təsdiqi üçün bir şansdır.
Meksika-86-da Argentina-İngiltərə görüşünü xatırlatmaq kifayətdir.
İki dövlət arasında 80-lərin əvvəllərində baş vermiş ada savaşına görə, Argentina millisi meydanda şəhidlərinin ruhu üçün oynayacaqlarını söz vermişdi. İngilislər isə oyundan bir gün öncə kraliçalarından “bu oyunun əhəmiyyəti bizim üçün çox böyükdür” teleqramını almışdı. Qeyd etdiklərim illər sonra hər iki millidə çıxış etmiş futbolçuların açıqlamalarıdır. Hətta dahi Maradona əllə vurduğu qola belə bu gün də heyfslənmir.
Futbol bir oyundur...
Artıq o səviyyədə bir oyundur ki, Amerika, Avropa, Rusiya FİFA, dünya çempionatlarının hansı ölkələrdə keçirilməsi üstündə informasiya müharibəsi aparırlar. Hətta ABŞ İsveçrədə FİFA-nın qərargahına da baş vurmaqdan belə çəkinmədi. Rusiya -2018 dünya çempionatına qədər nələrin baş verəcəyi bəlli deyil.
Futbol bir oyundur...
Kiprdə türk bayraqları yandırıldı, düşmən bayraqları tribunalarda asıldı, Gürcüstan, Bakı stadionlarında rəqib “fanat”lar torpaqlarımıza iddia xarakterli plankart açdı...Meydandakı futbol oyunu ilə yanaşı siyasi baxımdan hərtərəfli, layiqli cavablarını aldılar. Dəyərli jurnalistlərimizlə birgə vaxtında aparılan işlər informasiya blokadasını yardı, dövlət səviyyəsində Azərbaycandan üzr istənildi.
Futbol bir oyundur...
Iki gün əvvəl “Qarabağ” meydanda gözəl qələbə qazandı. Şəhidimiz Zəhra balamıza görə azarkeşlərin tribunada açmaq istədikləri plankarta icazə verilmədi. Kimlər tərəfindən icazə verilmədi. Mən siyasətçi, azarkeş deyiləm, illərimi futbola həsr etmişəm, bu səviyyədə görüşlərin iştirakçısı, təşkilatçısı olmuşam, qaydaları da gözəl bilirəm. UEFA tərəfindən müəyyən məbləğdə pul cəzası da verilə bilər. Futbol meydanında qazanılan hər bir qələbə önəmlidir. Bütün bu qələbələr isə bir şəhidimizin bir damla qanının yerini verə bilməz. Milli ruhun oyanması, xalqımızın sabahı naminə polisi, azarkeşi, klub nümayəndəsi, jurnalisti, hər kəs bir olmalıdır.
Futbol bir oyundur...
Çempionlar Liqasının rəsmi oyununda Albaniyada “Neftçi” olaraq Ağdamın işğalının 20 illiyini canlı yayımda bütün stadionun ayağa qalxaraq bir dəqiqəlik sükutla qeyd olunmasına nail olmağımız mənim üçün Azərbaycan futbol tarixində ilk dəfə qrupa düşməyimizdən daha önəmlidir. Gürcüstanda “Çixura” ilə görüşdə şəhidlərimizin xatirəsinin qeyd olunmasına UEFA-ya göndərdiyimiz müxtəlif məktublar, danışıqlar sayəsində rəsmi icazə almışdıq, oyunun proqramına da salınmışdı. Üsyanımıza, təkidimizə baxmayarq "sapı özümüzdən olan baltalar" buna imkan vermədi.
Futbol bir oyundur...
Torpaqlarımız işğal altındadır. Gənclərə milli ruh aşılanmalı, xalq olaraq mübarizə aparmalı, torpaqlarımızı azad etməliyik. Çempionlar Liqası, “Qarabağ”-“Neftçi” və digər oyunların Ağdamın "İmarət"ində keçirilməsi üçün...
Futbol tək bir oyun deyil!
Tahir Süleymanov,
keçmiş FİFA hakimi