Foqts Azərbaycan millisini iş başında “yaxaladı”
30 may 2013 10:42 (UTC +04:00)

Foqts Azərbaycan millisini iş başında “yaxaladı”

“Belə bir sınaq oyununun keçirilməsinə nail olduğumuz üçün çox şadam. Bu oyun futbolçularımı iş başında görmək üçün son dərəcə vacib idi”. Lent.az-ın məlumatına görə, bu sözləri affa.az saytına açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

 

O bildirib ki, komanda üzvlərinin heç də hamısı Doha şəhərində Qətər sınağından üzüağ çıxa bilməyiblər: “Ümumiyyətlə, mənə elə gəldi ki, bəzi futbolçular millinin toplanışına qədər olan son 10-12 gündə heç məşq etməyiblər. Görünür, mən futbolu bəzi futbolçulardan daha çox sevirəm. İkinci hissədə daha yaxşı oynamağımızın səbəbi təkcə əvəzetmələr deyil, həm də bəzi futbolçuların oyuna münasibəti idi. Sadə oynayanda oyunumuz daha yaxşı alınır. Fasilədən sonra rəqibi üstələməyimiz həm də onu göstərdi ki, bəzi futbolçularımız fiziki cəhətdən yüksək səviyyədədir”.

 

Foqtsun fikrincə, bu oyun Qətər yığması üçün də xeyli əhəmiyyət kəsb edib: Çünki qarşıda onları İran millisi ilə vacib oyun gözləyir. Əgər Qətər yığması son iki oyunda qalib gəlsə, dünya çempionatına vəsiqə qazanacaq. Onlar reytinqdə də bizdən irəlidədir. Ümumi təhlil etsək, ikinci hissədən razıyam. Bir daha qeyd edim ki, Lüksemburq yığması ilə oyun ərəfəsində bu, yaxşı test oldu”.

 

Qeyd edək ki, Qətər – Azərbaycan matçı heç-heçə ilə nəticələnib – 1:1. Yığmamızın qolunu 89-cu dəqiqədə Rüfət Dadaşov vurub.

 

# 843
avatar

Oxşar yazılar