Cənubi Koreyanın Çunqju şəhərində Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) növbəti Konqresi keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva təmsil edib.
Gündəlikdəki əsas məsələ FİSA-ya yeni prezident seçkisi olub. 179 seçicidən 117-nin səsini qazanan fransalı Jan Kristof Rollan (Jean-Christophe Rolland) bu vəzifəyə layiq görülüb. Digər namizədlər Con Bultbi (Avstraliya) və Trisia Smit (Kanada) müvafiq olaraq, 50 və 12 səs alıblar.
Rollan keçmiş akademik avarçəkəndir. O, 3 Yay Olimpiya Oyunlarında iştirak edib. 1996-cı il Atlanta və 2000-ci il Sidney olimpiadalarında bürünc və qızıl medallara yiyələnib, 5 dəfə dünya çempionu olub. 1994-cü ildə FİSA-da Atletlər Komissiyasına sədr təyin olunub, 2004 – 2011-ci illərdə FİSA İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Elektrotexnika, elektronika və mühəndis kommunikasiyaları üzrə magistr dərəcəsi alıb.
Rollan FİSA-ya 1989-cu ildən rəhbərlik edən Denis Osvaldı 2014-cü ilin iyulunda əvəzləyəcək. Osvaldın özü isə akademik avarçəkmənin inkişafındakı 36 illik əməyi qarşılığında qurumun ömürlük fəxri prezidenti olacaq.
Konqresdə Trisia Smit FİSA-ya yeni vitse-prezident, Maykl Uilyams (Böyük Britaniya) yenidən xəzinədar, Lenka Vex İcraiyyə Komitəsinin yeni üzvü seçilib.
Akademik avarçəkmə üzrə 2017-ci dünya çempionatının Sarasota (ABŞ), 2018-ci il dünya çempionatının və 2015-ci il 23 yaşadək avarçəkənlər arasında dünya çempionatının Plovdiv (Bolqarıstan), 2015-ci il Dünya Kubokunun II mərhələsinin Vareze (İtaliya), III mərhələsinin və 2016-cı il olimpiya lisenziyalı Final Təsnifat Reqatasının Lütsern (İsveçrə), 2016-cı il Dünya Kubokunun III və son mərhələlərinin Poznan (Polşa) şəhərlərində təşkili qərara alınıb.
5 yeni ölkə - Benin, Botsvana, Mali, Səudiyyə Ərəbistanı və Sent-Vinsent@Qrenada FİSA-ya üzv qəbul olunub. Bununla da quruma üzv olan milli federasiyaların sayı 142-yə çatıb.