AVRO-2016-nın seçmə mərhələsinin IX turunun ikinci günü daha iki komanda üçün həlledici turnirə vəsiqənin qazanılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İspaniya və İsveçrə milliləri də gələn il Fransada keçiriləcək final mərhələsinə vəsiqəni təmin ediblər.
C qrupunda yer alan İspaniya yığması autsayderlərdən olan Lüksemburq üzərində böyükhesablı qələbəyə sevinib. Bunun fonunda Slovakiyanın evində Belarusa boyun əyməsi “buğalar”ı son tur öncəsi rəqibləri üçün əlçatmaz edib. Son tur ərəfəsində Slovakiya ilə Ukrayna eyni xala malikdi. Bu komandalardan biri final mərhələsinə birbaşa vəsiqə qazanacaqsa, digəri də pley-offda mübarizə aparacaq. Buna isə axırıncı turda aydınlıq gələcək.
Gecənin ikinci xoşbəxt komandası İsveçrə olub. İngiltərənin çoxdan final biletini aldığı E qrupunda mübarizə aparan isveçrəlilər San Marinonu meydançaya çıxmağına peşman ediblər. 7:0 hesablı qələbə ilə yanaşı, Sloveniyanın da büdrəməsi İsveçrə millisinin final mərhələsinə vəsiqəsini təmin edib. Son tur öncəsi 3 komanda – Sloveniya, Estoniya və Litva pley-offa iddia edir.
G qrupunda Avstriya ilə birlikdə Fransaya bilet alacaq sonuncu komandanın adına bu turda da aydınlıq gəlməyib. Həm Rusiya, həm də İsveç səfər qələbəsinə seviniblər. Hazırda Rusiyanın 17, İsveçin isə 15 xalı var. Son turda sensasiya olmasa, ruslar birbaşa vəsiqə qazanacaq, İsveç də pley-off səddini aşmalı olacaq.
Qeyd edək ki, buna qədər meydan sahibi Fransadan başqa, İngiltərə, İslandiya, Çexiya, Avstriya, Portuqaliya və Şimali İrlandiyaya milliləri AVRO-2016-ya birbaşa vəsiqəni təmin etmişdi.