Burundi Futbol Assosiasiyasının prezidenti Lidiya Nsekera FİFA İcraiyyə Komitəsinə (İK) üzv seçilən ilk qadın olub. Lent.az-ın məlumatına görə, 46 yaşlı Nsekera bununla da 109 yaşlı ali futbol qurumunun tarixinə düşüb.
O, FİFA-nın Mavrikidə keçirilmiş konqresində 203 nümayəndədən 95-inin səsini qazanıb. Nsekera avstraliyalı Moyya Doddla Terks və Kaykos adalarından olan Sonya Biem-Aymanı üstələyib.
Qalan üzvlər isə Yozef Blatter (FİFA prezidenti), Xulio Qrondona (I vitse-prezident), İssa Hayatu, Anxel Maria Vilyar Lyona, Mişel Platini, David Çanq, Əli ibn-Hüseyn, Cim Boys, Ceffri Uebb (hamısı vitse-prezident), Mişel D Hug, Şenes Erzik, Voravi Makudi, Çak Bleyzer, Marios Lefkaritis, Jak Anuma, Rafael Salquero, Hani Abo Rida, Vitali Mutko, Məhəmməd Rauraura, Teo Svantsiger, Çanq Jilonq və Marko Polo Del Nerodur.
Qeyd edək ki, bütün İK üzvləri 4 ilədək seçilib.