FİFA prezidenti Yozef Blatter növbəti qeyri-adi açıqlamaları ilə gündəmə gəlib. Lent.az-ın məlumatına görə, ali futbol qurumunun başçısı Asiya Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında daha 4 il bu vəzifədə qalmaq istədiyini büruzə verib.
1998-ci ildən bu vəzifəni tutan Blatterin hazırkı səlahiyyət müddəti 2015-ci ildə başa çatacaq. O isə FİFA prezidenti kimi son müddətini keçirmədiyini deyib: “Bu, mənim sonuncu islahat müddətim olacaq, vəzifəmdə sonuncu müddətim yox”.
Blatter dünya çempionatına seçimə yanaşmada dəyişikliyin gərəkliyini də bildirib. O, Asiya klubları üçün kvotanın artırılmasının lehinə çıxış edib. Hazırda bu qitədən mundiala 4 zəmanətli vəsiqə var. Daha 1 vəsiqə isə Cənubi Amerika komandası ilə “pley-off” matçlarından qalib ayrılmaqla əldə edilə bilər.
FİFA prezidenti deyib: “Dünya çempionatında iştirak üçün vəsiqənin alınma sistemi daha balanslaşdırılmış olmalıdır. Braziliyada 32 yığma çıxış edəcək. Onlardan 13-ü Avropanı təmsil edəcək. Daha 6 komandanın isə Cənubi Amerikadan olması mümkündür. Belə situasiyada 2 qitə 19 komanda ilə təmsil ediləcək. Onları yarımfinaladək mübarizədən kənarlaşdırmaq isə sadəcə mümkünsüz olacaq. Bu səbəbdən, məsələyə yenidən baxmaq, onu gündəliyə daxil etmək lazımdır ki, balans daha yaxşı alınsın”.
Qeyd edək ki, hazırda 77 yaşa malik Yozef Blatter FİFA-da 1975-ci ildən çalışır.