Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib. FHN-dən Lent.az-a verilən məlumata görə, Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionata 20 komandadan 80-ə yaxın idmançı qatılıb. Yüz və min metrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.
Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) komandası tutub.
Şəxsi göstəricilərə görə Yevgeniy Kasilov (DYMX), Elmir Hüseynov (Gəncə Regional Mərkəzi) və Rəşad Kəsəmənli (FHN-in Akademiyası) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olublar.
Komanda və şəxsi hesaba görə qalib gələn idmançılara Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim edilib.
Hər ay keçirilən çempionatlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdıran Füzuli Musayev daxili və beynəlxalq yarışlara peşəkar idmançıların yetişdiyini əminliklə vurğulayıb.