Onu daha çox “Tək səbir”dən tanıdıq. Xüsusən, Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevlə bağlı parodiyaları ilə futbolsevərlərin rəğbətini qazandı. Amma çoxdandır, belə parodiyalarına rast gəlmirik. Halbuki hazırda yığmamızın oyunu 5-10 il əvvəlkindən elə də fərqlənmir.
Amma sən demə, Berti Foqtsu da “qaralayıb”. Yumorist aktyor Fərda Xudaverdiyev Lent.az-ın “Məşhur fanatlar” layihəsinin qonağı olarkən, ürəyini boşaltdı...
- İdmana maraq hər yaşda lazımdır. Bu maraq hələ uşaq yaşlarından özünü büruzə verir. Hətta “stand-up”larımda da yarızarafat-yarıciddi demişdim ki, boksa marağım olub, şahmatla da məşğul olmuşam, karate, kikboksinq, kapoeyra ilə də. Futbolçu olmaq ən böyük arzum idi. Sadəcə, alınmadı. O vaxtlar Azərbaycan futbolu çox ağır günlərini yaşayırdı. Həddindən artıq. Ona görə də futbolçu ola bilmədim. Amma indi 2 oğlum var. Biri 2 yaş 3 aylığında, digəri isə 4 aylığındadır. Ən böyük arzum onların Azərbaycanı xaricdə yaşıl meydanlarda təmsil etmələridir. Savadları, dərsləri öz yerində. Amma inşallah, onları futbola yönəldəcəyəm. Təbii ki, istəkləri olsa...
- Sonuncu dəfə hansı idman yarışını canlı izləmisiniz?
- Azərbaycan klublarının Avropa kuboklarındakı matçlarını və milli komandamızın oyunlarını izləyirdim. Sonuncu dəfə, səhv etmirəmsə, Azərbaycan və Serbiya millilərinin görüşünə stadiondan baxdım. Həmin oyunda yığmamız 1:6 hesabı ilə uduzdu. Komandamızın baş məşqçisi Karlos Alberto Torres meydana girdi və hakimi hədələdi.
- Torresin hakimi hədələdiyi oyun 2005-ci il iyunun 4-də Azərbaycanla Polşa arasında keçirilmişdi və qonaqlar 3:0 hesabı ilə qalib gəlmişdilər. Serbiya ilə dediyiniz qarşılaşma isə 2007-ci il oktyabrın 17-də keçirilib. Həmin vaxt yığmamızın baş məşqçisi Şahin Diniyev idi.
- Ola bilər. Deməyim odur ki, komandamız həmişəki kimi oyunu məğlubiyyətlə tərk etdi. O oyundan sonra özüm-özümə söz verdim ki, millimiz nə zaman seçmə tsiklə uğurla başlasa, gedib oyununu stadiondan izləyəcəyəm. Amma televiziya vasitəsilə bütün oyunlara baxıram. Hətta yığmamızın oynadığı günə toy məclisi, tədbir salmamağa çalışıram. Yəni, ən azı milli komandamıza azarkeşlik edirik. Görək də... Berti Foqts deyib ki, gələn seçmə mərhələdə gedirik. Amma hara getdiyimizi hələ bilmirik.
- Bəs “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki oyunlarını izləmisiniz?
- Əlbəttə, bundan məlumatlıyam. “Neftçi” İtaliyanın “İnter”, Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” komandaları ilə eyni qrupda yer almışdı. İlk dəfə qrup mərhələsinə düşdüyündən, klubumuz üçün 3 xal çox yaxşı nəticədir. Digər rəqiblərlə də “İnter”lə səfərdəki kimi oynasaydı, bəlkə də 10 xalla qrupdan çıxa bilərdi. Sadəcə, təcrübəsizlik özünü göstərdi. Şükür Allaha, böyük hesablı məğlubiyyət olmadı. Çox maraqlı hesablar qeydə alındı. “Neftçi” bu mövsüm bizi çox sevindirdi. Onsuz da komandamızdan Çempionlar Liqasında elə bir uğur gözləmirik. Amma 2 mərhələ keçib Avropa Liqasına vəsiqə qazanmaq mümkündür. İnşallah, “Neftçi”yə Çempionlar Liqası, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”a isə Avropa Liqasında uğurlar arzulayıram. Əvvəllər “Qarabağ” və “Neftçi” Avropa kuboklarında daha çox irəliləyib. Bu il “İnter”lə “Xəzər Lənkəran”a da bunu arzu edək. Bizim məşhur Con Toşakımız da var da...
- Hansısa klubumuza azarkeşlik edirsiniz?
- Açığı, ən çox “Qarabağ”a azarkeşlik edirəm. Çünki ilk dəfə Avropa Liqasında “pley-off” mərhələsinədək irəliləyərək, bizə qələbə sevinci yaşadıblar. Həmin vaxt “Neftçi” bu qədər irəliləyə bilməmişdi. Həm də “Qarabağ”da dostlarım çıxış edir. Əfran İsmayılov, Vüqar Nadirov, Rəşad Sadıqov, eləcə də hazırda “Bakı”da çıxış edən Rauf Əliyevlə gözəl münasibətlərim var. Baş məşqçi Qurban Qurbanov çox yaxşı komanda formalaşdırıb. Komandanın yeni legionerləri çox gözəl çıxış edirlər. “İnter”lə “Xəzər Lənkəran” nə qədər irəliləsələr, uğurdur. Amma “Qarabağ” və “Neftçi”dən daha çox uğur gözləyirik. İnşallah, daha bir mərhələ adlamalarını arzulayıram.
- Vaxtilə “Tək səbir” proqramında millimizin sabiq baş məşqçisi Şahin Diniyevi tez-tez parodiya edirdiniz...
- Bütün yumorlarımda həssas və üzdə olan məsələlərə toxunurdum. Şahin müəllimlə heç bir şəxsi qərəzliyim yox idi. Sonralar görüşdük də. Sadəcə, acı məğlubiyyətləri 3 dost çayxanada müzakirə edirdisə, mənim imkanım vardı ki, ən azı efir vasitəsilə tənqid edək, gülüş hədəfinə çevirək. Məqsəd yalnız o idi ki, bəlkə daha məsuliyyətlə oynasınlar. Millidə də dost-tanışlarımız var. Hər dəfə zəng vururdular ki, bizdən nə istəyirsən? Sizdən heç nə istəmirəm. Mənim də, azarkeşlərin də istədiyi yalnız futboldur. Bayrağı hiss edin, oynayın, hər şey əla olacaq. Ən azı meydanda mücadilə, mübarizə görmək istəyirəm” cavabını verirdim. 90 dəqiqə müdafiə olunmaqdırsa, istənilən komanda bu cür oynaya bilər.
- Amma həmin vaxt Diniyev “Parodiyaların arxasında kimlərin dayandığını yaxşı bilirəm” deyirdi...
- (gülür) Şükür Allaha, məni bütün Azərbaycan tanıyır. 1996-cı ildən fəaliyyətdəyəm, yumorla məşğulam. Kişiliyimə and içirəm ki, hələ heç kimi sifarişlə parodiya etməmişəm. Sifariş olub ki, onu rədd etmişəm. Tanımadığım adam barədə məndən “Onu parodiya edə bilərsən?” deyə soruşublar. “Yox” demişəm. Heç vaxt sifarişlə işləməmişəm, ömür boyu işləmərəm də. Çünki mənim öz baxışım var. Hansı parodiyanın daha uğurlu alınacağını və nə demək istədiyimi bilirəm. Məqsədli şəkildə olanda, sabah parodiya etdiyin şəxs sənə sual verəcək, qalacaqsan belə. Ona görə də sifarişlə heç nə hazırlamamışam. Burdan Şahin müəllimi salamlayıram. İnanıram ki, futbolda sözünü deməsi üçün hələ çox vaxtı olacaq. İnşallah, deyər, sağlıq olsun.
- Çoxdandır futbolla bağlı parodiyalarınıza rast gəlmirik...
- Çünki efirdə verilişlərim yoxdur. Yalnız “Lider TV”də “Stand up show” adlı verilişim var. Sadəcə, müəyyən səbəblərdən yenisini çəkmək hələ nəsib olmayıb. Amma söz verirəm ki, sentyabr-oktyabr aylarında böyük salonların birində 2 pərdəli “stand up” edəcəyəm və futbola da böyük yer ayıracağam. Karlos Alberto Torresdən tutmuş Şahin Diniyev cənabları və hazırkı baş məşqçi Berti Foqtsadək. Hələ ki Foqtsu görməmişik. Hazırlıq gedir. Hələ o, bizi təəccübləndirə bilməyib. Bir dəfə Türkiyəni udduq. Amma orada Foqtsluq heç nə yox idi. Azərbaycan futbolunun ən məşhur kombinasiyası nəticəsində Rəşad Sadıqov qol vurdu. Bir var ki, Foqts gələndən sonra bu taktika qurulsun, bir də var illərdir, bu kombinasiyadan istifadə olunsun. Türkiyəni udmağımızın bir səbəbi var idi: Sərgən Yalçın bütün Azərbaycan futbolunu çox aşağıladı. Həddindən artıq təhqirə keçdi. Biz də Türkiyə telekanallarını izləyirik. Futbolumuzu bəlkə Polşa da aşağılayır, Portuqaliya da. İstər-istəməz bizə yuxarıdan-aşağı baxırlar. Amma biz bu ölkələrin telekanallarına baxmırıq, ya da dillərini başa düşmürük. Amma Sərgən oyundan öncə hər gün Türkiyə telekanallarında 6 xalın ciblərində olduğunu və digər komandalarla oyunları müzakirə etmələrinin vacibliyini dedi. Nəticədə bizim uşaqlarda bir aqressiya yarandı.
- Bəs niyə digər oyunlarda belə aqressiya yaranmır?
- Məncə, bütün oyunlarda belə bir aqressiya olmalıdır. Ən azı, mən də futbolçuyamsa, iki ayağım varsa, oyunlarda top dalınca qaçıramsa, istənilən komanda ilə başabaş oynamaq olar. Bu zaman qol buraxa bilərsən, amma oynamaq da mümkündür. Demirlər ki, 2-3 gün futbol oynayın. Özünüzü 90 dəqiqə yorun, oynayın da... Yəni, Türkiyəni udmağımızda Foqtsluq bir şey olmadı. “Stand up” blokumda futbolumuzla bağlı bütün məsələlərə yanaşacağam. Özüm bir neçə iksir tapmışam ki, nə etmək olar? Foqtsa məsləhət verərdim ki, qrupda 5 rəqibimiz varsa, onlardan 2-si normal oynamalı komandadır. Həmin komandalarla oynayırıq, qalanlarına isə işimiz çıxır, gedə bilmirik. Ən azı səfər matçına getmirik. Gedib 6 qol buraxmaqdansa, “xəstəmiz var, işimiz var” deyə 0:3 hesablı texniki məğlubiyyət alırsan. 0:6-dansa 0:3 daha məsləhətlidir də... Doğrudan da ağrı-acılıdır. Ya gərək futbola azarkeşlik etməyəsən, futbolumuzdan imtina edəsən, amma bu, Azərbaycan vətəndaşına yaraşmayan hərəkətdir. Hər il ümidlə gözlə... 18-19 yaşımda “ANS-Pivani” adlı komandanın mövcud olduğu vaxtlarda Buzovna qəsəbəsinə gedib, ev oyunlarına baxırdım. Yığmamızın nəticələrini nəm fişəngə bənzədərdim. Fişəng yanır, nəmiş yerə çatan kimi sönür. Biz o fişəngi sonadək yandıra bilmirik.
- Dediyiniz kombinasiyanın banisinin Vaqif Sadıqov olduğu deyilir...
- Bəli, Vaqif müəllimin işidir. Çox gözəl də tapıntıdır. Amma deyəsən, 5-6 ay qabaq Serbiya çempionatında belə bir qol izlədim. Hansısa sayta qoymuşdular, girib baxdım. Eynilə bizimkilər kimi qol vurmuşdular. Yəni, yavaş-yavaş yayırıq. Künc zərbələrini, cərimə zərbələrini yerinə yetirməyin 70000 dənə yolu var. Amma yenə Rəşad Sadıqovun ifasında Uelsin qapısına uzaqdan cərimə zərbəsi ilə qol vurmuşuq. Onunla da kitab bağlandı. Halbuki ən azı standart vəziyyətlərin kralına da çevrilmək olardı. Bu halda rəqiblər Azərbaycan yığması ilə oyunda kobudluqdan qorxardı. Yoxdur e, qardaş... Yalnız ümidimiz künc zərbəsinədir. “Bəlkə vurarıq” deyə. Bunu da artıq digər komandalar əzbər bilir. Təəssüf ki, millimizin öz oyun üslubu yoxdur. Heç nə. Bununla Foqts bizi 2016-cı il Avropa çempionatına aparacağına necə söz verir, bilmirəm. Yəqin, özü ailəvi gedəcək. Başqa aparılası kim var ki... Gərək onda rəqib futbolçular 2016-cı ilədək oynamasınlar. Hamısı “pivnoy”da, orda-burda olsunlar ki, biz də onlarla başabaş oynaya bilək. Bu oyunla hara gedirik? Bir azarkeş barmağını qatlasın ki, müəyyən oyun üslubumuz var. 90 dəqiqə müdafiədə oturmaqla hara getmək olar? Yunanıstan bu taktika ilə 2004-cü ildə Avropa çempionu olanda ətdən divar hörürdü, amma qollar da vururdu. Biz isə 90 dəqiqə oturub-çabalayırıq. Rəqiblər isə bizi topla döyürlər. Ən ağrılısı da budur. Bütün milli komandalarda ən azı 3-4 ulduz olur. Bizdə isə 2 tanınmış oyunçu var: Rəşad Sadıqovla Kamran Ağayev. Bu, nədən qaynaqlanır? Çünki bütün oyunboyu qapının ağzındayıq. Rəşad çıxartdı, Kamran qaytardı. Ulduz futbolçu hücumçudan, yarımmüdafiəçidən olar. Bizdə isə belə çıxır ki, irəlidə oyun yoxdur. Azərbaycanımıza hücumçular arzulayıram. Yetişsinlər. Bunun üçün gecə-gündüz işləmək lazımdır. Aleks Ferqyusonun bir sözü var, deyir: “Kriştianu Ronaldu mənim üçün ona görə həmişə 1 nömrə olacaq ki, oyundan əvvəl də, oyundan sonra da bir saat təkbaşına stadionda məşq edir. Bizdə bu, yoxdur. Oyunu yola verək, gedib istirahət edək. Mən Avropa arenasına çıxa bilmərəm, çünki Azərbaycan dilində parodiyalar edirəm. Futbolun isə dili yoxdur. Topla, ayaqla, başla işləyirsən.
- Millimizin futbolçularından bir neçəsini tanıdığınızı dediniz. Onlarla bu barədə söhbət etdikdə nə deyirlər?
- Oturub-durduğum futbolçularla çox olmasa da, ayda bir dəfə görüşürük, bayramlarda zəngləşirik. Vüqar Nadirovluq nə var? Vurulan qolların ən azı 60 faizi onun çiynindədir. Uzaqdan zərbələri, sürəti var. Foqts Vüqardan daha nə almalı olduğu üzərində çalışmalıdır. Tələbkarlıq olmalıdır, lazım gəlsə, həftələrlə evlərinə getməməlidirlər.
- Sizcə, futbolçularımızın son həddi bura qədər deyil?
- Ronaldunun ilk illəri ilə indiki arasında böyük fərq var. Vaxtilə arıq uşaq idi. Amma indi baxırsan ki, çiyinlə iki nəfəri vurur, xətdən kənara tullanırlar. Amma bizim futbolçularda heç bir dəyişiklik yoxdur. Bunların rejiminə riayət olunmur. Nə vaxt duracaqlar, nə yeyəcəklər, trenajorda nə qədər məşq edəcəklər, “veşmeşok”la qaçacaqlar, bunların hamısı olmalıdır. Samir Əliyev Ukrayna “Volın”ında oynayanda məzuniyyətə gəlmişdi. Deyirdi ki, nəfəsimizi kəsiblər. Sanki əsgərlikdir. 17-18 kq-lıq “veş-meşok”larla qaçırdırlar. Olsun da... Səni futbolçu edirlər. Toxuculuqla, pambıqçılıqla məşğul olmursan ki... Yəqin yolunu bilirlər ki, belə edirlər də. Futbolçularımızdan biri Fransa ilə oyundan danışırdı. Deyirdi ki, künc zərbəsi vurularkən, topa tullananda necə toqquşduqsa, elə bil “stolba”ya girdim. Yəni, bədən quruluşunu təkmilləşdirmək lazımdır. Hərdən başqa futbolçuların bədənini göstərirlər, adam xəcalət çəkir. Lionel Messi nə boydadır ki... Cəmi 1 metr 68 sm-dir. Amma onun duruşu, korpusu, sürəti, hərəkətlərinin hamısı məşq nəticəsində bu səviyyəyə çatıb. Təkcə top dalınca qaçmaqla, bu, mümkün olmayan şeydir. Mütləq trenajorda işləmək lazımdır. Qaçış cığırı adlanan idman ləvazimatının üzərində saatlarla qaçmaq lazımdır. 16 kq-lıq “veşmeşok”larla dağlara qaldırmaq lazımdır. O yükü üstlərindən atdıqdan sonra necə ola bilərlər? Uşaq vaxtı ayağımıza “gir” bağlayırdılar. Açandan sonra quş kimi olurduq. Amma bu gün bunların heç biri tətbiq olunmur. 3-4 günlük məşqlə nə ola bilər?
- Əslində Foqtsun özü də futbolçularımızın fiziki hazırlığından şikayətçidir. Ona görə də çempionatın gedişində yığma üzvlərini 4 günlük təlim-məşq toplantısına çağırır...
- Mən Foqtsun bu sözləri ilə razıyam. Çünki fiziki hazırlıqla klublarda məşğul olmaq lazımdır. Futbolçular klubun bazasında qalmalıdır. Baş məşqçi onların həyatlarınadək qarışmalıdır. Amma kim nə istəyirsə, onu da edir. İndi də maşallah, sağlıqlarına qismət, hər şəraitləri var. Ən azı metro ilə gedib-gəlmirlər. Amma mən inanıram ki, məşq zamanı onlara zəng də gəlir, danışırlar da... Olmaz e. Bir var ki, özün üçün oynayırsan. O zaman nə istəsən, elə. Amma axı sən xalqı təmsil edirsən. Fiziki hazırlıq çox aşağıdır. 60-cı dəqiqədən sonra hamı deyir ki, öldük. 60-cı dəqiqəyədək də müdafiədə otururlar. Portuqaliya ilə səfər oyununda millimiz necə müdafiə olunurdu? Bir var ki, top səndə ola, onda elə də yorulmazsan. Ən çox topsuz qalanda yorulursan. Rəşad o canı ilə daha nə etməlidir? Ronaldunun qabağında nə qədər dayanmaq olar? Hər şeyi onun üstünə yıxmaq olmaz axı... Yeri gəlsə, Rəşad mərkəzə kimi çıxır, ideal ötürmələr verir. Luiş Naninin qabağında durmaq üçün çiyinli olmaq lazımdır. Yoxsa Nani bir zərbə endirər, çiynin çıxar, yerinə də qoya bilməzlər. Bütün sahələrdə uğurlar əldə etmişik. Sağ olsun cənab prezident. Bakını tanımaq olmur. Belə gözəllikdə şəhər olar? Azərbaycanda müxtəlif idman növləri üzrə nələr keçirilmir? Bunların hamısı iqtisadi imkanlarımız hesabına mümkün olub. Amma futbol yeganə sahədir ki, burada pul gücünə uğur olmur.
- Foqtsun millidə qalmalı olduğunu düşünürsünüz?
- Xeyr, mən Böyükağa Hacıyev, Qurban Qurbanov, hətta Yunis Hüseynovun milliyə Berti Foqtsdan çox xeyir verə biləcəyini düşünürəm. Futbolçular isə Foqtsun milliyə can yandırmadıqlarını gördükdə onu boykot etməlidirlər. İnsanlar bizim parodiyalarımıza baxıb zövq aldıqları kimi biz də millinin oyununda istirahət etməliyik.
- 2012-ci il London Yay Olimpiya Oyunlarını izləyirdiniz?
- Bəli, 10 medal qazandıq. Amma çoxu son günlərdə oldu. O vaxtadək türklərin sözü olmasın, “hayal kırıklığı”na uğramışdıq. “Doğrudanmı medalımız olmayacaq?” deyirdik. Şükür Allaha, çoxlu medala sahib olduq. 2008-ci il Pekin olimpiadasından sonra Elnur Məmmədli çox təbliğ olundu. Amma Toğrul Əsgərov sanki gözə görünmür. Telekanallardan ola bilər, “İdman Azərbaycan”a çağırırlar, amma digərlərində görmürəm. Amma efirə çıxması yaxşı hal olardı. Çünki tamaşaçı ilə ünsiyyətə girdikcə məsuliyyəti artacaqdı. Bir var, idmançını trikoda görəsən, bir də var kostyumda. Bunlar fərqli şeylərdir.
- Amma Məmmədli London olimpiadasında elə ilk görüşdəcə uğursuzluğa düçar oldu...
- Bunu zədəli olması ilə əlaqələndirərdim. Elnurdan çox böyük gözləntilər var idi. Amma bu dəfə alınmadısa, eybi yox. 2016-cı ildə üzümüzü güldürər. Azərbaycanı hansı növdə kim təmsil edirsə, ona uğurlar arzulamaq lazımdır. Gərək vətənpərvər olasan, bayrağı o qədər sevəsən ki, himni də səsləndirə biləsən.
- İdmançıların toylarına gedirsiniz?
- Daha çox futbolçuların məclislərində oluram. Məsələn, Tərlan Əhmədovun uşaqlarının, Fərrux İsmayılovun qardaşının məclisini mən aparmışam...