Əsəd ilk deyil  – Rusiyaya qaçan siyasi liderlər
11 dekabr 2024 20:15 (UTC +04:00)

Əsəd ilk deyil – Rusiyaya qaçan siyasi liderlər

Suriya Prezidenti Bəşər Əsəd ölkədə davam edən hərbi qarşıdurma fonunda dekabrın 8-də ailəsi ilə ölkəni tərk edərək Rusiyaya qaçıb. Beləliklə, yarım əsrdən çox ölkəni idarə edən Əsəd ailəsinin Suriyadakı iqtidarına son qoyulub. Bundan əvvəl də bir çox ölkə başçıları və onların ailə üzvləri siyasi hakimiyyəti öz iradələrinə zidd şəkildə tərk etdikdən sonra Moskvaya sığınmış, həyatlarını bu ölkədə davam etdirmişdi.

Lent.az Bəşər Əsədin nümunəsində Rusiyaya sığınan ölkə başçılarını xatırlayır.

Viktor Yanukoviç

Viktor Yanukoviç 2010-cu ildən Ukrayna prezidenti səlahiyyətlərini icra edirdi. Ukrayna ilə Avropa İttifaqı arasında inteqrasiya sazişini imzalamaqdan imtina etməsi ilə bağlı başlayan kütləvi etirazlar onun hakimiyyətinə son qoydu. 2014-cü ilin fevralında insan tələfatı ilə nəticələnən qarşıdurma fonunda o, Ukraynanı tərk etdi və Rusiyadan sığınacaq aldı. Onunla birlikdə Baş naziri Nikolay Azarov, daxili işlər naziri Vitali Zaxarçenko, və Ukrayna Milli Bankının rəhbəri Sergey Arbuzov Rusiyaya qaçdılar.

Moskvada yaşayan Yanukoviç siyasi həyatda iştirak cəhdlərindən əl çəkməyib, və mütəmadi bəyanatlar verir, xüsusən də beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edərək, Ukrayna münaqişəsinin həlli ilə bağlı öz baxışını təklif edir. O dəfələrlə ölkəyə qayıtmaq istəyini bildirib. Buna baxmayaraq, Yanukoviç ictimai-siyasi həyatda aktiv deyil və əsasən qapalı həyat sürür.

Əsgər Akayev

Postsovet məkanını daha bir eks-prezidenti Əsgər Akayev də Moskvaya pənah aparan siyasətçilər sırasındadır. O 2005-ci ilin martında “lalə inqilabı” adını alan siyasi dəyişiklikdən sonra hakimiyyətdən gedərək Moskvaya köçüb. Burada o, elmi fəaliyyətlə məşğul olur və Moskva Dövlət Universitetinin professorudur.

İqor Qiorqadze

Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri, vətənində terrorizmdə ittiham olunan İqor Qiorqadze 30 ilə yaxındır ki, Rusiyada yaşayır. Hazırda Gürcüstanda Giorqadzenin vətəninə qayıtması məsələsinin hüquqi müstəvidə həlli üçün onun vəkillərinin təşəbbüsü ilə qiyabi proses gedir. Siyasi mühacirət illərində Giorqadze gizlənmək məcburiyyətində qaldığı 8 ölkənin heç birinin vətəndaşı olmayıb. O, Gürcüstan vətəndaşlığını davam etdirir və Moskvada “Gürcüstan Xaricdə” regional ictimai hərəkatına rəhbərlik edir.

Mira Markoviç

Mira Markoviç Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloseviçin həyat yoldaşıdır və 2003-cü ildə Rusiyada məskunlaşıb. Serbiya hakimiyyəti onu dələduzluqda ittiham edərək beynəlxalq həbs qərarı verib. Müraciət İnterpol vasitəsilə təqdim edilib, lakin Rusiya hakimiyyəti onu saxlamaqdan imtina edib. 2006-cı ilin dekabrında ərinin Haaqa həbsxanasında ölümündən 9 ay sonra Serbiya məhkəməsi jurnalist Slavko Curuvijanın qətlinə sifariş verməkdə ittiham edilərək Markoviçin həbsinə qərar verib. 2007-ci ildə Serbiya Markoviçin ekstradisiyası tələbi ilə Rusiyaya müraciət etdi, lakin o vaxta qədər o və oğlu Marko Miloşeviç Rusiyada artıq qaçqın statusu almışdı. 2008-ci ildə Serbiya prokuroru Markoviçlə bağlı qiyabi məhkəmə prosesinin keçirilməsinin mümkünlüyünü elan etdi. Buna baxmayaraq, Rusiya hakimiyyəti onu və oğlunu Serbiyaya verməkdən imtina etdi. Onun qızı Mariya Miloşeviç və nəvəsi Marko Monteneqroda yaşayır. Mira Markoviç ağır və uzun sürən xəstəlikdən sonra 2019-cu il aprelin 14-də Moskvada vəfat edib

Aslan Abaşidze

Gürcüstanın tərkibindəki Acarıstan Muxtar Respublikasının rəhbəri olan Aslan Abaşidze 2004-cü ildə “qızılgül inqilabı”ından sonra yeni prezident Mixail Saakaşvili ilə gərgin münasibətlərə malik idi. Mərkəzi hakimiyyətlə hərbi qarşıdurma astanasında olarkən həmin ilin mayında istefa verən Abaşidze Rusiyadan göndərilən xüsusi təyyarə ilə Moskvaya aparıldı. 86 yaşlı siyasətçi bugünə qədər Moskvada yaşayır və vətənindəki siyasi proseslərdən 20 ildir ki, uzaqlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Vüqar İsmayılov

Oxşar yazılar