Federasiya prezidenti: “Danışıqlarımızın nəticələrini açıqlamayacam” - MÜSAHİBƏ
23 iyun 2013 00:16 (UTC +04:00)

Federasiya prezidenti: “Danışıqlarımızın nəticələrini açıqlamayacam” - MÜSAHİBƏ

Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti Marko Skolarisin Lent.az-a müsahibəsi

 

- Bakıda ilk dəfə keçirilən idman dırmanması üzrə Dünya Kubokunun təşkilatçılığı barədə nə deyə bilərsiniz?

 

- Təşkilatçılıq çox yüksək səviyyədədir. Dünən baş vermiş bəzi meteoroloji problemləri, deyəsən, arxada qoya bilmişik. Artıq belə maneə bizim üçün mövcud deyil. Həm idman dırmanması üçün divar, həm də digər texniki şərtlər artıq hazırdır.

 

- İdman dırmanmasının inkişaf perspektivini necə görürsünüz?

 

- Təəssüflə qeyd etmək istəyirəm ki, 2 həftə öncə idman dırmanması 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd olan 4 yekun növ siyahısına salınmadı. Lakin mənim bu növ haqda görüşlərim nikbin olaraq qalır. İdman dırmanmasını olimpiya növünə çevirmək üçün bütün şərait və necə deyərlər, tərkib hissələri mövcuddur. Bu, bir tərəfdən, gəncləri cəlb edən növdür. Digər tərəfdən, insanlar bu idman növü ilə ömür boyu məşğul ola bilərlər. Həmçinin, əlil və ya fiziki qüsurlu şəxslər üçün də bütün şərait yaradılıb. Yəni, bunların hamısı bizə deməyə imkan verir ki, idman dırmanmasının olimpiya növləri sırasına qoşulmağa haqqı var.

 

- Sizcə, idman dırmanması qış, yoxsa yay olimpiya növləri sırasına daxil edilməyə daha yaxındır?

 

- Olimpiya xartiyası dəyişmədiyi halda, idman dırmanması yay növləri sırasına daxil ediləcək. Qışda isə buz və ya qar üstündə dırmanma yarışı təşkil etmək mümkündür. Amma hazırkı halda idman dırmanması yay olimpiya növləri sırasına daxil edilə bilər.

 

- Bəs idman dırmanmasının 2015-ci il Avropa Oyunlarının proqramına salınma perspektivi necədir?

 

- Bizim burada olmağımızın əsas səbəblərindən biri məhz budur. Amma danışıqlarımızın nəticəsini açıqlamayacam. Gəlin, əvvəlcə, Dünya Kubokunu keçirək, sonra o barədə danışarıq.

 

- Azərbaycanın Dünya Kubokuna hazırlığını necə qiymətləndirirsiniz?

 

- Təşkilatçılıq səviyyəsi çox yaxşıdır. Yarış üçün ürəkaçan yer seçilib. İndiyədək rastlaşdığımız problemlər təşkilatçılıqla yox, hava şəraiti ilə bağlı idi. Lakin o da artıq keçmişdə qalıb. O ki, qaldı Azərbaycan idmançılarına, ölkəniz bu idman növünə təzə-təzə qoşulduğundan, hamı ilə bərabər mübarizə aparmalarına müəyyən zaman lazım gələcək. Burada da bizim proqnozlarımız müsbətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711
avatar

Oxşar yazılar