Rusiyanın “Krılya Sovetov” klubunda çıxış edən futbolçu Emin Mahmudov Azərbaycan millisində çıxış edəcəyi barədə xəbərləri təkzib edib. Lent.az-ın məlumatına görə, bu barədə 22 yaşlı yarımmüdafiəçi klubun rəsmi televiziyasına müsahibəsində bildirib.
Mahmudov hazırda əsas diqqətini Samara komandasında möhkəmlənməyə yönəltdiyini vurğulayıb: “Burada şərh olunası bir şey yoxdur. Çünki yığma ilə bağlı heç kiminlə danışmamışam. Düzdür, yazıldığı kimi, Bakıya getmişəm. Amma mən dostlarım və doğmalarımı görməyə yollanmışdım. Ora tez-tez getməyə çalışıram, çünki mənim çoxlu doğmalarım var. Bakıya kiminləsə yığma ilə bağlı danışmaq üçün yollanmamışdım. Hazırda mənim üçün yığma komanda seçimi gündəmdə deyil. İndi yığmanı yox, klubumda möhkəmlənməyi düşünürəm”.
Qeyd edək ki, “Krılya Sovetov” Emin Mahmudovun transfer hüququnu yanvarın 31-də Moskva “Spartak”ından alıb. Onun Azərbaycan millisinə cəlb olunmasının mümkünlüyü barədə açıqlamanı AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.