ABŞ-ın qadınlardan ibarət milli komandasının futbolçusu Ebbi Uombax beynəlxalq matçlarda yeni rekord müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, 2012-ci ilin ən yaxşı qadın oyunçusu Cənubi Koreya ilə yoldaşlıq görüşündə 4 qol vurub.
ABŞ-ın 5:0 hesablı qələbə qazandığı qarşılaşmada o, bütün qollarına ilk yarıdaca imza atıb. Bununla da Uombax 207 oyun keçirdiyi yığmada qollarının sayını 160-a çatdırıb. Əvvəlki rekord ABŞ yığmasının digər üzvü, 158 qol vurmuş Mia Hemmə məxsus olub.
Qeyd edək ki, Ebbi Uombax 2 dəfə olimpiya çempionu, 2 dəfə dünya çempionatının bürünc, 1 dəfə gümüş medalçısı olub. Kişilər arasında isə beynəlxalq oyunlarda dünya rekordu İran yığmasının milliyyətcə azərbaycanlı sabiq futbolçusu Əli Daeiyə məxsusdur. O, millidə 149 matçda 109 qol vurub.