Dünya Kubokunun açılış mərasimi keçirildi
22 iyun 2013 17:30 (UTC +04:00)

Dünya Kubokunun açılış mərasimi keçirildi

İyunun 22-də Azərbaycanda ilk dəfə idman dırmanması üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbir Dövlət Bayrağı Meydanında quraşdırılmış 15 metr hündürlüyündə dırmanma divarı önündə baş tutub.

 

Mərasimə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) prezidenti Marko Skolaris, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi rəsmiləri və digər qonaqlar qatılıblar. Əvvəlcə iştirakçı ölkələr – Çexiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Ukrayna və Azərbaycanın üst-üstə 69 idmançısı tamaşaçılar qarşısına çıxıb.

 

Ardından rəsmi hissədə çıxış edən gənclər və idman naziri Azad Rəhimov idmançıları salamlayaraq, onlara uğurlar arzulayıb. O, Azərbaycanda bütün idman növləri üzrə yarışların keçirildiyini və uğurlu nəticələrin əldə olunduğunu bildirib.

 

FAİREX prezidenti Hüseynqulu Bağırov Azərbaycanda idman dırmanması üzrə keçirilən ilk tədbir münasibətilə hamını təbrik edib və yarış iştirakçılarına uğurlar arzulayıb. O qeyd edib ki, Dünya Kubokunun Dövlət Bayrağı kimi möhtəşəm məkanda keçirilməsi ölkəmizdə idman dırmanmasına olan münasibətin nəticəsidir.    

 

İFSC prezidenti Marko Skolaris isə idman dırmanması növü üzrə Dünya Kubokunun keçirilməsi üçün gözəl şərait yaratdığı üçün Azərbaycan tərəfinə minnətdarlıq edib. O, ümid etdiyini bildirib ki, bu yarış gözəl və dəyərli idman bayramına çevriləcək.

 

Daha sonra Azərbaycan himni səsləndirilib. Mərasim bədii hissə ilə davam etdirilib.

 

Qeyd edək ki, İdman Dırmanması üzrə Dünya Kuboku iki gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Oxşar yazılar