İyunun 21-də Böyük Britaniyanın paytaxtı Londondakı “Eton Dorney” Mərkəzində akademik avarçəkmə üzrə Dünya Kuboku start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanı təmsil edən 2 duet finala yüksəlməyi bacarıb.
Əvvəlcə 2 nəfərlik sükansız qayıqla (M2-) yürüşdə Luka Dordeviç – İqor Luçiç cütlüyü seçmə yürüşdə 2000 metr məsafəni 7 dəqiqə 6,32 saniyəyə 5-ci yerdə başa vursa da, təsəlli yürüşündə bu məsafəni 6 dəqiqə 42,32 saniyəyə qət edərək, 1-ci olub. Bu nəticə ilə Dordeviç – Luçiç dueti iyunun 23-də keçiriləcək həlledici mərhələyə vəsiqə qazanıb.
2 nəfərlik qoşa avarlı (M2X) qayıqla isə 2 cütlüyümüz – Aleksandr Aleksandrov – Boris Yotov və İvan Antov – Aleksandr Kornilov duetləri mübarizə aparıb. Seçmə yürüşdə Aleksandrov – Yotov dueti 6 dəqiqə 33,94 saniyə nəticə ilə 2-ci, Antov – Kornilov dueti 6 dəqiqə 54,69 saniyə nəticə ilə 5-ci olub. Hər iki cütlük mübarizəni təsəlli yürüşündə davam etdirib. Bu mərhələdə isə Aleksandrov – Yotov dueti finişə 6 dəqiqə 22,32 saniyəyə 1-ci, Antov – Kornilov dueti isə 6 dəqiqə 43,58 saniyəyə 4-cü çatıb. Əsasnaməyə görə, Aleksandrov – Yotov cütlüyü finala adlayıb. Antov – Kornilov cütlüyü isə ilk 2 yerdən birini tuta bilmədiyindən, 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında yarışmalı olacaq.
Nəhayət, 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) çıxış edən Fərid Saadov seçmə yürüşdə finişə 7 dəqiqə 44,04 saniyəyə, təsəlli yürüşündə 7 dəqiqə 34,86 saniyəyə çatıb. Hər iki halda o, 5-ci yeri tutub və yekunda mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Saadov 13 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən C finalında çıxış edəcək.
Qeyd edək ki, iyunun 22-də Bakı vaxtı ilə 13:30-da Fərid Saadov C finalına, saat 14:19-da İvan Antov – Aleksandr Kornilov dueti B finalına çıxacaq. İyunun 23-də saat 14:48-də Luka Dordeviç – İqor Luçiç, saat 16:06-da isə Aleksandr Aleksandrov – Boris Yotov dueti A finalında mübarizə aparacaq.