Dünya çempionatının iştirakçısı Azərbaycan klubunda - FOTO
27 iyun 2013 18:49 (UTC +04:00)

Dünya çempionatının iştirakçısı Azərbaycan klubunda - FOTO

Bakının “Rəvan” klubu yay transfer dövründə heyətinə 5-ci futbolçunu qatıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsümü “Bakı”da keçirmiş Novruz Məmmədovla 2 illik müqavilə bağlanılıb.

23 yaşlı müdafiəçi əvvəllər də 4 ilədək “sarı-qırmızılar”ın şərəfini qoruyub. Daha öncə Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar Soltanovu heyətinə qatan “Rəvan”ın düşərgəsinə daha bir futbolçu baxışa gəlib. Bu, ukraynalı müdafiəçi, Kiyev “Dinamo”sunun yetirməsi Aleksandr Yatsenkodur. 28 yaşlı Yatsenko ölkəsinin adlı-sanlı klubunun əsas komandasında cəmi 10 oyun keçirə bilib. O, daha çox Ukraynada "Xarkov”, "Çernomorets” və "İliçevets”dəki çıxışı ilə yadda qalıb. Belarus "Belşina”sının şərəfini qoruyarkən legioner həyatı yaşayan Yatsenkonun son klubu Ukrayna I divizionunda çıxış edən "Helios” olub.

Təcrübəli müdafiəçi Ukraynanın, demək olar ki, bütün yaş qrupları üzrə yığma komandalarında oynayıb. 2004-cü ildə 19 yaşadək futbolçular arasında Avropa Çempionatında yarımfinalçı olan Yatsenko 1 il sonra gənclər arasındakı dünya çempionatına qatılıb.

2006-cı il isə onun karyerasının ən yaddaqalan bölümüdür. Saşa əvvəlcə 21 yaşadək futbolçular arasındakı Avropa Çempionatında kapitanı olduğu Ukrayna millisi ilə gümüş medal qazanıb. Ardından isə Sergey Fyodrovun zədələnməsindən sonra ölkəsinin əsas millisinin heyətində Almaniyada keçirilən dünya çempionatına aparılıb. Həmin turnirdə özü meydana çıxmasa da, komandası ¼ finaladək irəliləməyi bacarıb. Yatsenko Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkodan orden alanlar sırasında olub.

Andrey Şevçenko, Andrey Voronin, Oleq Qusev, Artyom Milevski, Sergey Rebrov, Anatoli Timoşuk, Ruslan Rotan, Aleksandr Şovkovski, Dmitri Çiqrinski kimi məşhur futbolçularla birgə, ona da III dərəcəli "Rəşadət ordeni” verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar