2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına daha iki ölkənin milli komandası vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, Asiya zonası üzrə seçmə mərhələdə A qrupunu ilk 2 pillədə tamamlayan Cənubi Koreya və İran mundialda iştiraklarını təmin edib.
Qrup mərhələsinin son turunda İran Cənubi Koreyaya qalib gəlib – 1:0 və qrupu 16 xalla lider kimi tamamlayıb. Özbəkistan isə Qətəri darmadağın edib – 5:1. Qalib komandanın heyətində “Neftçi”nin legioneri Bahodir Nasimov “dubl” edib. Özbəkistan xallarını 14-ə çatdıraraq, Cənubi Koreya ilə bərabərləşsə də, top fərqində geri olduğu üçün birbaşa vəsiqəni təmin edə bilməyib. İndi Nasimovun komandası mundiala yollanmaq üçün əvvəlcə B qrupunda 3-cü yeri tutan İordaniya yığmasını, sonra isə Cənubi Amerika zonasında 5-ci yerin sahibini (hazırda Uruqvay) yenməlidir.
Qeyd edək ki, hazırda dünya çempionatında 5 ölkənin iştirakı rəsmiləşib. Bunlar təşkilatçı ölkə olan Braziliya, Yaponiya, Avstraliya, Cənubi Koreya və İrandır.