Con Toşak: “Ümidvaram ki, sabahkı oyundan sağ çıxacam”
27 may 2013 11:12 (UTC +04:00)

Con Toşak: “Ümidvaram ki, sabahkı oyundan sağ çıxacam”

“Sabah biz Azərbaycan çempionuna qarşı oynayacağıq. “Neftçi”ni çempionluq münasibətilə təbrik edirik. Həqiqətən də bu komanda Azərbaycanın ən güclüsü olduğunu nümayiş etdirdi”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Kubokunun final matçı öncəsi “Xəzər Lənkəran” futbol komandasının baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssisin fikrincə, çempionat yağ və çörəkdirsə, kubok kremdir: “Biz finala “Bakı” ilə yarımfinal mərhələsinin cavab görüşündəki möhtəşəm oyun sayəsində yüksəlmişik. Həmin nəticə olmasaydı, bu mövsüm komanda üçün uğursuz bitə bilərdi. “Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq. Qələbəni düşünürük. Möhtəşəm azarkeşlərimiz var. Onlar bizə əlavə motivasiya verir. Biz bu insanlar üçün mümkün olanın ən yaxşısını etməliyik”.

Toşak “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin əcnəbi mütəxəssislərin qənimi olmasına dair fikirlərinə isə belə reaksiya verib: “Ümid edirəm ki, sabahkı oyundan sonra sağ qalacağam”. Bununla belə, təcrübəli mütəxəssis Avropa Liqasına flaqmanın sayəsində vəsiqə qazandıqlarını etiraf edib. Onun fikrincə, bu mövsüm boyu sərgilədiyi oyun baxımından “Xəzər Lənkəran” Avropa kuboklarına getməyə layiq deyildi: “Ümumi götürdükdə, oyunumuza baxanda Avropa kuboklarına getməyə layiq deyilik. Səmimi olsaq, bu, “Neftçi”nin sayəsində baş verib. Amma biz finaldakı oyunumuzla qitə arenasına “Neftçi”nin sayəsində yox, öz zəhmətimizlə getdiyimizi göstərmək istəyirik”.

“Neftçi”ni yenəcəyiniz halda, bu, çempionun mövsümü 9-cu pillədə bitirən komandadan zəif olduğu anlamına gəlməyəcək?” sualına isə Toşak belə cavab verib: “Bu cür paralellər aparmaq düzgün çıxmaz. Çünki bir müddət öncə İngiltərə Premyer Liqasını tərk etmiş “Uiqan” Liqa Kubokunun finalında vitse-çempion “Mançester Siti”ni məğlubiyyətə uğratdı. Məni daha çox öz komandam maraqlandırır. Burada olduğum 2 ay ərzində kifayət qədər problem ortaya çıxıb. Sabahkı oyun barədə futbolçularıma müəyyən göstərişlər verəcəyəm. Amma onlar “Neftçi”ni məndən yaxşı tanıyırlar”.

“Neftçi” və “Xəzər Lənkəran” arasındakı final matçı mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Toşak sabah Azərbaycanda müstəqillik gününün qeyd ediləcəyindən xəbərdar olduğunu bildirib və “Ümid edirəm ki, lənkəranlı azarkeşlər üçün ikiqat bayram ab-havası yaşanacaq” deyib.

Qeyd edək ki, oyun saat 20:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar