Con Toşak: “Foqts məni Dubaya çağırsa, özümlə dəsmal da aparacam” - MÜSAHİBƏ
18 mart 2013 10:44 (UTC +04:00)

Con Toşak: “Foqts məni Dubaya çağırsa, özümlə dəsmal da aparacam” - MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubu yeni baş məşqçisi Con Bernjamin Toşakı ictimaiyyətə təqdim edib. Lent.az-ın məlumatına görə, uelsli mütəxəssisə Lənkəranın avtomobil kodu olan “42” nömrəli forma təqdim olunub.

 

Bundan sonra Toşak jurnalistlərin çoxsaylı suallarını cavablandırıb:

 

- “Xəzər Lənkəran”a gəlişiniz necə alındı?

 

- Türkiyənin “Beşiktaş” klubunun sabiq prezidenti Sərdar Bilgili mənə zəng vurdu və “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun mənimlə danışmaq istədiyini bildirdi. Əvvəllər Azərbaycan haqda məlumatım var idi. Uels yığmasının baş məşqçisi kimi Bakıda olmuşdum. Ona görə də görüşməyə dərhal razılıq verdim və İstanbula yollandım. Orada Mənsimovla görüşdüm. Fikir mübadiləsi apardıqdan sonra razılıq verdim. Bu, yeni çağırışdır və maraqlı olacağını düşünürəm.

 

- Hər məşqçi özü ilə yeni futbolçular gətirir. Siz də beləmi edəcəksiniz?

 

- Hələ komandanı görməmişəm. Buradan birbaşa Lənkərana yollanacağam. Futbolçularla tanışlıqdan sonra kiminlə işləyəcəyimə qərar verəcəyəm.

 

- Azərbaycana gəlmiş tanınmış mütəxəssislərdən heç biri ciddi uğur qazana bilməyib. Siz də eyni aqibətlə üzləşməkdən qorxmursunuz?

 

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. İşimin necə alınacağını zaman göstərəcək. Hər şey ola bilər. Siz həmin tanınmış mütəxəssislərin adlarını çəkə bilərsiniz?

 

- Məsələn, Rusiya “Zenit”inin sabiq baş məşqçisi Vlastimil Petrjela, İngiltərə “Arsenal”ının sabiq futbolçusu Toni Adams…

 

- Petrjelanı tanımıram. Adamsı isə yaxşı mərkəz müdafiəçisi kimi tanıyıram.

 

- “Xəzər Lənkəran”da işinizi necə quracaqsınız: Komandaya Britaniya futbolunu aşılamaq fikrindəsiniz?

 

- Komandanı hələ görməmişəm. Oyun üslubumuzu futbolçulara uyğun quracağıq. Hansısa ölkənin futbolu dedikdə, nəyi nəzərdə tutduğunuzu bilmirəm. “Barselona” və “Real Madrid” İspaniya komandaları olsalar da, fərqli oyun sərgiləyirlər.

 

- Əvvəlki köməkçi-məşqçilər qalacaqmı?

 

- Hələlik tək gəlmişəm. Lənkərana gedib vəziyyətlə tanış olduqdan sonra qərar verəcəyəm. Mənim 7 fərqli ölkədə 35 illik karyeram var. Hər getdiyim ölkədə məşqçilər heyətində yerli mentaliteti tanıyanlara üstünlük verirəm. Yəqin ki, bu dəfə də belə olacaq. Həmin mütəxəssislər mənə yerli futbol haqda məlumat verəcəklər və nə isə öyrənəcək.

 

- “Xəzər Lənkəran” 9 illik tarixi ərzində 9 baş məşqçi dəyişib. Komandanın bu qədər baş məşqçi dəyişməsinin səbəbini özünüz üçün araşdırmısız?

 

- Fikrimcə, bu sual mənə ünvanlanmalı deyil. Əvvəllər nəyə görə uğrusduzluq olubsa, deyə bilmərəm. “Real Madrid” də 12 ilə 14 məşqçi dəyişib.

 

- Əvvəlki iş yeriniz Makedoniya milli komandası olub. Bizdə olan məlumata görə, oradan Makedoniyada yaşamaq istəmədiyiniz üçün ayrılmısınız...

 

- Milli komandanın futbolçuları hər gün müntəzəm bir yerdə olmur. Klubda isə bu, fərqlidir. Digər tərəfdən, Makedoniya çempionatı o qədər də səviyyəli deyildi ki, onu daim izləyim. Millinin bütün oyunçuları legionerlər idi. Ona görə də çempionatı izləməyimə gərək yox idi. Yerli federasiya ilə danışığım olmuşdu ki, Makedoniyada qalmayacağam. Amma yeni federasiya prezidenti bunu qəbul etmədi. Klubda isə belə hallar mümkün deyil. Hər gün iş başında olmalısan. Həm də lənkəranlı azarkeşlərin fərqli, çılğın olduqlarını bilirəm.

 

- Daha öncə Türkiyənin “Bursaspor” klubundan təklif aldığınız deyilirdi. Bu variant niyə baş tutmadı?

 

- Bu variant bir ay öncə ortaya çıxmışdı. Amma birbaşa mənimlə əlaqə saxlayan olmamışdı. Futbolda vasitəçilər çoxdur. Klubdan isə mənə heç kim rəsmən müraciət etməyib.  

 

- Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts klublarda çıxış edən futbolçuları uzun müddətli toplanışlara çağırır. Belə halla “Xəzər Lənkəran”da üzləşsəniz, reaksiyanız necə olacaq?

 

- FİFA və UEFA-nın milli komandalarla bağlı qoyduğu normalar hamıya aydındır. Əvvəllər belə halla qarşılaşmamışam. Oyunçu milliyə matçdan 2-3 gün əvvəl getməlidir. Berti Foqtsu yaxşı tanıyıram. Həm futbolçu, həm də baş məşqçi kimi üz-üzə gəlmişik. Yenə görüşmək maraqlı olardı. Təbii ki, milli komanda önəmlidir. Biz də yığmaya kömək etmək üçün əlimizdən gələni edəcəyik. Amma bizim yağlı çörəyimiz “Xəzər Lənkəran”dır. İlk növbədə, klubu düşünəcəyik.

 

- Foqts klubların baş məşqçilərini Dubaya görüşə çağırmışdı. Siz də belə bir dəvət alsanız, necə qəbul edəcəksiniz?

 

- Ölkədən kənarda ilk dəfə çalışmıram. Mən də yerli mühitə öyrəşməliyəm. Burdakılar da mənim onlardan nə istədiyimi öyrənməlidirlər. Hər şey zamandan asılı olacaq. Foqtsun çağırışı maraqlıdır. Belə bir çağırış olsa, dəsmalımı da götürüb Dubayda çimərliyə gedəcəyəm (kinayə ilə - E.M.). Mən ora getsəm, komandadakı işimi kim görəcək? Bir az qəribə təklifdir. Daha öncə belə şey görməmişəm. Gediriksə, siz də gəlin.

 

- “Xəzər Lənkəran”ın bu mövsüm Azərbaycan Kubokunu qazanmaq imkanı var. Bu işin öhdəsindən gələ biləcəksiniz?

 

- Kuboku qazansam, yaxşı olar. İndiyədək İspaniyada da, Türkiyədə də, Uelsdə də kubok qazanmışam. Ona görə də Azərbaycan Kubokunu da qazanmaq mənim üçün çox yaxşı olar.  

 

- Rəhbərlikdən öz adınıza uyğun transferlərin edilməsini istəyəcəksiniz?

 

- Transfer xətrinə transfer etmirlər. İlk növbədə, yerli futbolu tanımaq, komandadakı futbolçuların gücünə bələd olmaq istəyirəm. Yerli məhsul həmişə daha dadlıdır, supermarketdən süni məhsul almağa gərək yoxdur. İlk növbədə, yerli oyunçulara üstünlük vermək istəyirəm. Gələcək legioner də istəklə, bütün gücünü Xəzər Lənkəran” üçün can qoyacaqsa, elə legionerlər almaq istəyirik. Düşünürəm ki, hazırda komandada həddən artıq legioner var.

# 1681
avatar

Oxşar yazılar