“Bizi qardaş və rəqib komanda ilə çox maraqlı görüş gözləyir”. Lent.az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun final matçı öncəsi “Neftçi” futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev deyib.
55 yaşlı mütəxəssis Lənkəran təmsilçisini flaqmana layiqli rəqib adlandırıb: “Baxmayaraq ki, səhv etmirəmsə, Premyer Liqanı 9-cu pillədə başa vurublar. Amma Azərbaycan futbolu o qədər inkişaf edib ki, 1-ci və 11-ci yerdə gedən komandalar arasında köklü fərq yoxdur”.
“Neftçi”ni finala yüksək motivasiya və konsentrasiya etdiyini deyən Hacıyev ən güclüyə qalib olmağı arzulayıb. Lakin o, komandasının üstünlüklərini qabartmağı da lazım bilib: “Biz də “Xəzər Lənkəran” da Avropa kuboklarında yerimizi təmin etmişik. “Neftçi” sabah bu mövsümdə 50-ci oyununa çıxacaq. O biri komandalar isə heç 40-dək oyun keçirməyib. “Xəzər Lənkəran”la oyuna bütün ciddiyyəti ilə hazırlaşırıq. Bizim strategiyamız məlumdur. Biz futbolçu və məşqçidən əvvəl yaxın qardaşlarıq. Bu gün 55 dəqiqə məşqimiz var. Məşqdən sonra qapım 24 saat futbolçuların üzünə açıqdır. Burnunu yuxarı qaldırıb gəzən futbolçum ola bilməz. Özündənrazı halda gəzməyə inanın ki, vaxtımız yoxdur. Hər oyuna məsuliyyətlə hazırlaşırıq. Final matçından sonra bütün fikirlər püşkatmaya yönələcək”.
O, hər iki oyunçunu komanda üçün qiymətli saysa da, gedəni saxlamayacaqlarını bildirib: “Vobay bizə “Xəzər Lənkəran”dan gəlib, Kanales isə bir tapıntıdır. Onların hər ikisi “Neftçi”də bu səviyyəyə çatıb. Kanales hazırda sayılıb-seçilən hücumçulardandır. Hər ikisi qalacaq, gücümüzə əlavə güc də qatacağıq. Vobay da, Kanales də bizim üçün qiymətlidir. Amma biz gedənə “getmə” demərik. 300 il qarğa kimi yaşamaqdansa, 2 gün şah kimi yaşamaq yaxşıdır. Bizdə başqa komandalardan fərqli olaraq, legioner-yerli futbolçu fərqi yoxdur”.
Hacıyev əcnəbi baş məşqçilərin qənimi olmasına rəqib həmkarı Con Toşak tərəfindən verilən “Çalışacağam ki, onunla görüşdən sağ çıxım” cavabını da şərh edib: “İnsana canı verən də, alan da Allahdır. Bizə hər zaman aşılayıblar ki, ağsaqqala hörmət edin. Toşak məndən 10 yaş böyükdür, ölkələr gəzib gəlib, mən isə kənli balası, əyalət uşağıyam. Ondan öyrənməli çox şeyim var. Amma bura Azərbaycandır və bu ölkənin mentalitetinə uyğun hərəkət edirəm”.
Sonda təcrübəli mütəxəssis bu mövsüm çempionluğu təmin etmiş “Neftçi”nin kuboku da qazanaraq, “qızıl dubl” etmək istədiyini, amma arxı keçməmiş “hopp” demədiklərini əlavə edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçı saat 20:00-da başlanacaq.