Beynəlxalq “Prezident Kuboku-2014” reqatası başlayır
17 aprel 2014 11:28 (UTC +04:00)

Beynəlxalq “Prezident Kuboku-2014” reqatası başlayır

Aprelin 18-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2014” reqatası start götürəcək. Lent.az-ın məlumatına görə, ənənəvi reqatanın keçirilməsində məqsəd Azərbaycanda avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və avarçəkənlərimizin hazırlıq dərəcəsinin təyin olunmasından ibarətdir. Üç gün davam edəcək reqataya Azərbaycan, Gürcüstan və Türkiyənin 150-dən çox idmançısı qatılacaq. Azərbaycan və Gürcüstan hər iki növdə, Türkiyə isə kayak və kanoedə təmsil olunacaq.

Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa (2X) və sükansız (2-), eləcə də 4 nəfərlik qoşa (4X) və 4 nəfərlik sükansız (4-) qayıqlarla mübarizə aparacaqlar. Bu növdə böyüklər, 23 yaşadək və 18 yaşadək avarçəkənlər 2000 metr, 1997-1998-ci il təvəllüdlülər 1500 metr, 1999 – 2001-ci il təvəllüdlülər isə 1000 metr məsafəyə yürüş edəcəklər. Yarış Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil olunacaq. Eyni yaş kateqoriyasında çıxış edəcək kayakçılar 1 nəfərlik (K-1), 2 nəfərlik (K-2) və 4 nəfərlik (K-4), kanoeçilər isə 1 nəfərlik (C-1) və 2 nəfərlik (C-2) qayıqlarla 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsəfələrə yürüşdə qüvvələrini sınayacaqlar. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun yarışacaqlar.

“Prezident Kuboku-2014”də kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko və aparıcı kayakçımız Mirnazim Cavadov çıxış edə bilməyəcək. Hər iki idmançımız zədəlidir. Əvəzində 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanmış akademik avarçəkənimiz Boris Yotovun bu il ilk sınağı məhz qarşıdakı yarışa təsadüf edəcək.

“Prezident Kuboku-2014”ü izləyənlər arasında “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvləri də olacaqlar. Gələn il təşkil olunacaq Oyunlar zamanı kayak və kanoe üzrə yarışlar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Təşkilat Komitəsinin üzvləri hazırkı vəziyyətlə tanışlıq üçün yarış məkanında olacaqlar.    

Qeyd edək ki, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Prezident Kuboku” reqatası 2008-ci ildən keçirilməyə başlayıb. Ənənəvi reqatalar əvvəllər “Prezident Kuboku” martın sonlarına təsadüf edib. Amma bu dəfə yığma komandalarımızın baş məşqçilərinin istəyi ilə yarışın aprelin ortalarında təşkili qərara alınıb. Bu isə səbəbsiz deyil. Reqatanın yekunlarına əsasən, hər 3 növ üzrə 18 yaşadək, 23 yaşadək və böyüklərdən ibarət yığmalarımızın heyəti müəyyənləşəcək. Onlar mayın əvvəllərində təlim-məşq toplantıları və yarışlarda iştirak etmək üçün xaricə yollanacaqlar. İdmançılarımızın lazımi formada qalmaları üçün “Prezident Kuboku” reqatası bu dəfə aprelin ortalarına təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar