“Şadam ki, Özbəkistana qarşı oynamaq fürsətimiz var. Amma təəssüf ki, bundan sonra avqustda FİFA-nın “pəncərəsi”ndə qarşılaşma olmayacaq”. Apasport.az saytının xəbərinə görə, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdu.
Millimiz sabah yoldaşlıq görüşü çərçivəsində Özbəkistanla qarşılaşacaq. Oyun öncəsi mətbuat konfransı keçirən almaniyalı mütəxəssis avqustda belə görüşlərin az olmasına təəssüflənib.
“Bu, bizim kimi kiçik ölkələr üçün çox pisdi. Klublarda elədir ki, hazırlıq zamanı 5-7 sınaq görüşü keçirirlər. Biz isə az oynayırıq” - deyə, Foqts bildirib.
- Özbəkistanla qarşılaşma nəyə əsasən seçilib?
- Bolqarıstana uyğun Avropa komandası tapmaq çətindi. Bu matçda səhvləri özümdə qeyd edəcəyəm.
- “Qarabağ” və “Neftçi”nin futbolçularının sabah meydanda olmamağı nə dərəcədə təsir edəcək?
- Şadam ki, onlar meydanda olmayacaqlar. Çünki bu futbolçuların Avroliqanın qrupunda oynamaq imkanları var. Bu halı qəbul edirəm. Onların mərhələ keçməsi üçün uğurlar arzulayıram.
- Reynaldo və Riçard Almeydanın milliləşdirilməsi üçün AFFA-ya təklif vermisinizmi?
- Bu, AFFA-ya aid işdi. Qanunda bəzi dəyişikliklər var. Həmin futbolçular vətəndaşlıq almaq üçün ən azı 5 il Azərbaycanda oynamalıdılar.
- Millinin heyəti II turdan öncə açıqlanmışdı. Çempionat matçlarını izləyərkən, heyətdən kənarda qalan futbolçular kəşf etdinizmi?
- “Qarabağ” və “Neftçi” futbolçularından başqa, heç kimi kəşf etmədim.
- Rusiya ilə qarşılaşmalar Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edir. Bəs sizin üçün necə?
- Bu prinsipiallığı bilirəm. Fabio Kapello mənim dostumdu. Komandamın DÇ-də çıxış edən yığmaya qarşı oynamasını istəyirdim. Müqavilədə nəzərdə tutulub ki, Rusiya ilə Bakıda da yaxın 3 ildə oyun keçirilsin. Bu qarşılaşma prinsipiallığına görə Almaniya – Hollandiya matçını xatırladır.
- Milliyə ilk dəfə çağırılan Emin Nuri dünənki müsahibəsində Azərbaycanla bağlılığının olmamağını bildirib...
- O, sualı səhv başa düşüb. Elə başa düşüb ki, hazırda Bakıda yaşayan qohumlarından sual verilir. Əslində, belə deyil. Onun Azərbaycanla bağlılığı var.
- Cihan Özkara rəsmi görüşlərdə indiyədək qol vura bilməsə də, yenə də yığmaya çağırılır...
- Onunla söhbətim olub. Bu faktı mən də bilirəm, yaxşı sualdı. O, öz üzərində işləməlidi.
- Seçmə mərhələdə hansı nəticəni uğurlu, hansını uğursuz sayacaqsınız?
- Bu komandadan pley-off mərhələsinə çıxmağı gözləyirəm. Bunu futbolçular da bilirlər. Dünənki məşq prosesindən razı qalmasam da, bunu onlardan gözləyirəm. “Qarabağ” və “Neftçi” arasında Superkubok matçı təxirə salındığı halda, İtaliya və Xorvatiya ilə oyunlara görə təxirəsalma olmur. 3 gün ərzində futbolçularıma fiziki güc sərf etmək çətin olacaq.
- Elnur Allahverdiyev Rusiyanın oyun üslubunu Bolqarıstana bənzədib. Siz bu rəqibi nəyə əsasən seçmisiniz?
- Heç bilməzdim ki, Elnur belə peşəkar açıqlama versin. Biz Bolqarıstanın bütün kartlarını öyrənmişik. Onlar bizə qarşı heç nə edə bilməzlər. Rusiya isə nəsə edə bilər. Çünki bu komandaya çoxlu gənclər çağırılıb.