Almaniya milli komandasının sabiq futbolçusu Frants Bekkenbauer 1966-cı il dünya çempionatının finalında İngiltərə yığmasının layiqli qələbə qazandığını etiraf edib. Lent.az-ın məlumatına görə, məşhur mütəxəssis bu barədə “Sport-Ekspress”ə açıqlama verib.
O bildirib ki, dünya çempionatlarında ilk dəfə final həyəcanını İngiltərədə yaşayıb. Bekkenbauer həlledici qarşılaşmada azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun israrından sonra qeydə alınan mübahisəli qola da toxunub: “Siz 1966-cı ildəki qəribə qolu xatırlayırsınız? Futbola yüksək texnologiyalar indilərdə gəlir. İndiki zamanda onlar olsaydı... İstənilən halda, İngiltərə layiqli qələbə qazandı. Biz almanlar bunu etiraf edirik”.
Qeyd edək ki, 1966-cı il dünya çempionatının finalında hesab 2:2 ikən əlavə vaxtda Tofiq Bəhramov qapının üst dirəyinə dəyib yerə düşən topun xətti keçdiyini iddia edib. Nəticədə baş hakim qol qeydə alıb. Bunun nəticəsində İngiltərə millisi hesabda önə keçib. Sonradan meydan sahibləri daha bir qol vuraraq, ilk və hələ də yeganə dünya çempionluğunu əldə ediblər – 4:2.