Bakıdakı Dünya Kubokuna Rusiya damğası
24 iyun 2013 11:25 (UTC +04:00)

Bakıdakı Dünya Kubokuna Rusiya damğası

Azərbaycanda ilk dəfə idman dırmanması üzrə Dünya Kuboku keçirilib. Lent.az-ın məlumatına görə, açıq havada Dövlət Bayrağı Meydanında quraşdırılmış 15 metr hündürlüyündəki dırmanma divarında baş tutan yarışda Rusiya təmsilçiləri qalib olublar.

 

Həm kişi, həm də qadınların mübarizəsində Tümen şəhərindən olan Stanislav Kokorin və Yuliya Kaplina qızıl medala layiq görülüblər. Kokorin kişilərin final mübarizəsində finalda ukraynalı Yaroslav Qontaryuku, Kaplina isə qadınların yarışında elə rusiyalı Alina Qaydamakinanı üstələyib. Bürünc medallara isə müvafiq olaraq, italiyalı Leonardo Qontero və polşalı Aleksandra Rudzinska sahib çıxıb.

 

Onları Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseynqulu Bağırov və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) prezidenti Marko Skolaris təltif ediblər. Qızıl medalçılara 3050 avro, finalçılara 1850 avro, bürünc medal qazananlara isə 1150 avro pul mükafatı və qiymətli hədiyyələr də verilib.

 

Bağlanış mərasimində çıxış edən Bağırov növbəti il də Dünya Kubokuna ev sahibliyi etməyə hazır olduqlarını bildirib. O, Skolarisə Azərbaycanda istehsal olunmuş planşet bağışlayıb. Öz növbəsində, İFSC prezidenti yarışın təşkilatçılığını yüksək qiymətləndirib və yenə belə nüfuzlu yarışı Azərbaycana həvalə etməyə hazır olduqlarını deyib. Skolaris isə idman dırmanmasında istifadə olunan “hold”u FAİREX prezidentinə təqdim edib və “Qoy, öz idmançılarınız da daha yaxşı çıxış etməyi öyrənsinlər” deyib.

 

Qeyd edək ki, Dünya Kubokunda 11 ölkədən 69 idmançı mübarizə aparıb. Azərbaycanın 17 təmsilçisindən heç biri təsnifat mərhələsini adlaya bilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021
avatar

Oxşar yazılar