Dünya münsiflərinin prezidenti yerli hakimlərə, təlimçilərə və idmançılara master-klass dərsləri keçib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Bakıya gəlmiş Beynəlxalq İdman Dırmanması Federasiyasının dünya münsiflərinin prezidenti Markus Fillafer 22-23 iyun tarixlərində Bakıda keçiriləcək İdman Dırmanması üzrə Dünya Kuboku yarışlarına hazırlıq məqsədilə yerli hakimlərə, təlimçilərə və idmançılara master-klass dərsləri keçib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dünya Kuboku yarışının yüksək səviyyədə təşkil olunması və yerli hakimlərin beynəlxalq dərəcəli yarışlara hazırlanması məqsədilə “ClimBaku” idman dırmanması mərkəzində qayayadırmanma idman növü üzrə keçirilən təlimin ilk günündə Markus Fillafer ümumi qonaqların qarşılanması, yarış yerinin quruluşu, hakimlik işinin təşkili və s. məsələlərə aid təlim iştirakçılarına ətraflı məlumat verib.
İkinci gün isə hakim əsasən sığortaçılara aid praktiki təlim keçib.Master-klass dərslərində 40-a yaxın hakim, volonter və idmançı iştirak edib. İki gün davam edən nəzəri və praktiki dərslər, mütəxəssis və hakimlər arasında sual-cavablarla yekunlaşıb. Təlim dərslərinin sonunda Markus Fillafer tərəfindən ən təcrübəli hakimlərə (sığortaçılar, xronometristlər, izolyasiya və tranzit sektorun hakimləri, starter ) FAİREX-in sertifikatları təqdim olunub.