“Gəlin, küləyin olmaması üçün Allaha dua edək”
İyulun 6-da Bakıda motorlu qayıqlarda “Formula-2” üzrə Bakı Qran-prisi start götürəcək. Lent.az-ın məlumatına görə, iki gün davam edəcək yarış “Su üzərində alov” şüarı ilə keçiriləcək.
Bakı Qran-prisi 2013-cü il dünya çempionatının ikinci mərhələsi olacaq. Yarışa 9 ölkədən 20 idmançı qatılacaq. Ölkəmizi isveçli legioner Yonas Andersson təmsil edəcək. Azərbaycan Motorlu Qayıq Assosiasiyaları Federasiyasının prezidenti Hacı İbrahim Nehrəmli qarşıdakı yarışla bağlı mətbuat konfransında bildirib ki, yaxın illərdə öz həmyerlilərimizdən ibarət komanda yaratmaq niyyətindədir. O, azərbaycanlı pilotun da motorlu qayıq yarışlarında qalib gəlməsi üçün çalışacağını açıqlayıb. Hələlik legionerlərin xidmətindən yararlandıqlarını deyən federasiya prezidenti öz idmançılarımızın yetişdirilməsini vacib sayıb.
O, gələcəkdə Bakıda bu növ üzrə daha nüfuzlu yarışların təşkilinin mümkünlüyünü də əlavə edib: “Bakını 3 tərəfdən Xəzər dənizi əhatə edir. Niyə də burada motorlu qayıq yarışları keçirməyək? “Formula-2” üzrə Qran-prinin Bakıda keçirilməsi bizim üçün çox xoş hadisədir. Hazırda həyata keçirdiyimiz “Khazar Islands” layihəsində motorlu qayıq yarışları üçün də ərazi nəzərdə tutulub. Builki yarışı isə Bakı Qran-prisini Dənizkənarı bulvar yaxınlığında keçirəcəyik”.
Yarış vaxtı Xəzər dənizində küləkli hava şəraitinin hökm sürmə ehtimalı da var. İ.Nehrəmlinin sözlərinə görə, küləyə qarşı qabaqlayıcı tədbirlər görüləcək: “Gəlin, küləyin olmaması üçün Allaha dua edək. Təbii ki, küləyə qarşı qabaqlayıcı tədbirlər görüləcək. Amma bulvar yaxınlığında, adətən, sakit hava şəraiti hökm sürür”.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Bakı Qran-prisində mükafat fondu təyin edilməyib. Onun sözlərinə görə, Beynəlxalq Motorlu Qayıq İttifaqı (UİM) belə bir təkliflə çıxış etsə, qaliblər üçün pul mükafatı təsis olunacaq.
UİM-in baş katibi Andrea Dini isə gələcəkdə motorlu qayıq üzrə “Formula-1” yarışının da Bakıda təşkilinin mümkünlüyünü vurğulayıb: “Azərbaycan hökumətinin gücünü nəzərə alsaq, Bakıda “Formula-1” də təşkil edə bilərik”.
H.İbrahim Nehrəmli də belə bir planlarının olduğunu diqqətə çatdırıb.