Futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarına ev sahibliyi uğrunda mübarizədə Bakı şəhərinin daha bir rəqibi üzə çıxıb. Lent.az-ın “Sovetskiy Sport”a istinadən verdiyi məlumata görə, bu, Rusiyanın Sankt-Peterburq şəhəridir.
Rəsmi qərar Rusiya Futbol İttifaqının iyunun 28-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.
UEFA özünün 60 illik yubileyinə təsadüf edəcək 2020-ci il Avropa çempionatının 16 şəhərdə keçiriləcəyini açıqlayıb. Hazırda Amsterdam (Hollandiya), Berlin (Almaniya), Brüssel (Belçika), Paris (Fransa), Madrid (İspaniya), Lissabon (Portuqaliya), Bazel (İsveçrə), London (İngiltərə), Zaqreb (Xorvatiya), Roma (İtaliya) və İstanbul (Türkiyə) da namizədlər sırasında hallandırılır. Milli federasiyalar Sifariş Ərizələrini 2014-cü il aprelin 25-dək verməlidirlər. Çempionat oyunlarının keçiriləcəyi şəhərlər gələn il sentyabrın 14-də seçiləcək. 13 şəhərdən 12-də qrup mərhələsinin hərəyə 2, “pley-off” (1/8 və ya ¼ final) mərhələsinin 1 oyunu baş tutacaq. Daha bir şəhərdə isə yarımfinal görüşləri və final olacaq.