Boks üzrə keçmiş dünya çempionu Ceyms Peyc ABŞ-ın Kaliforniya ştatındakı Oklend şəhərində həbs olunub. Lent.az-ın “Boxingscene” nəşrinə istinadən verdiyi məlumata görə, amerikalı idmançı son 3 ayda 8 bankı qarət etməkdə ittiham olunur.
Polisdən bildirilib ki, 42 yaşlı Peyc qarətlər seriyasına martın 6-dan başlayıb. Uzun qollu və yaxalıqlı köynəklərlə bankları yarma manerasına görə ona “Düyməli bandit” ləqəbi verilib. Peyc daha öncə 2001-ci ilin dekabrında Atlanta şəhərindəki “Bank of America”nı yardığı üçün 11 ilədək həbsxanada olub. 2012-ci ilin noyabrında o, rinqə qayıdıb və azərbaycanlı boksçu Rəhman Yusubovla üz-üzə gəlib. Yusubov ikinci raudda Peyci nokautla yenib.
Qeyd edək ki, Ceyms Peyc 1998-ci ildə rusiyalı Andrey Pestryayevi yenərək, WBA (Ümumdünya Boks Assosiasiyası) versiyası üzrə 66,7 kq çəki dərəcəsində dünya çempionu olub. O, 3 dəfə müdafiə etdiyi kəməri 2000-ci ildə əldən verib. Peyc 2001-ci ildə Endrü Lüisə uduzduqdan sonra oğurluqla məşğul olmağa başlayıb. Keçmiş boksçu peşəkar rinqdə ümumilikdə 30 görüş keçirib, 19-u nokautla olmaqla, 25 qələbə qazanıb, 5-də isə məğlub olub.