Bakının “İnter” futbol komandasının bu mövsüm Topaz Premyer Liqasına uğursuz nəticələrlə başlaması müəyyən söz-söhbətlərə yol açıb. Lent.az-ın məlumatına görə, paytaxt təmsilçisi ilk 5 turda 4 oyunu məğlubiyyətlə başa vurub.
Lakin istər 1:2 hesabı ilə uduzduğu “Qarabağ”, AZAL və “Simurq”la, istərsə də 2:3 hesabı ilə yenildiyi “Qəbələ” ilə qarşılaşmalarda hesabı məhz “İnter” açıb. Lakin sonradan rəqibləri ardıcıl qollarla qələbə əldə ediblər. “Bankirlər”in məğlubiyyətinə əsas səbəb kimi futbolçuların baş məşqçi Kaxaber Tsxadadzedən narazılıqları göstərilir. Yəni, onlar bu yolla əslində istənilən rəqibi yenmək iqtidarında olduqlarını, amma gürcüstanlı mütəxəssisin rəhbərliyi altında oynamaq istəmədiklərini göstərirlər. Futbolçuları belə addıma Tsxadadzenin sərt xarakteri, onları həddən artıq yükləmələri və kobud davranışı sövq edir.
İndiyədək Azərbaycan futbolunda belə hallara dəfələrlə rast gəlinib. Klub rəhbərləri əksərən futbolçuların tərəfini saxlasa da, baş məşqçinin dəstəkləndiyi məqamlar da olub. Elə “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsində “İsrail”in “Makkabi” (Hayfa) komandasına 0:8 hesablı ev məğlubiyyətini misal göstərmək olar. Həmin görüşün ardından qovulan 4 futbolçu baş məşqçi Con Toşaka “torba tikmək”də ittiham edilib.
“İnter”in prezidenti Georgi Nikolov Lent.az-a açıqlamasında futbolçuların Tsxadadzeni istəməmələri ehtimalını istisna etməyib: “Hər şey ola bilər. Elə dediyiniz variant da... Hərçənd, indiki heyətin bütün üzvlərini Tsxadadze seçib. Amma futbolçuların nəyə görə oynamadıqları mənə qaranlıqdır”.
“Mövsümü uğurla puç edirik” deyən G. Nikolov baş məşqçidə heç bir günah görmədiyini söyləyib. O, Tsxadadzeni istefaya göndərməyəcəklərini, əvəzində futbolçularla haqq-hesab çəkəcəklərini açıqlayıb: “İş futbolçulardadır. Onlarla ciddi söhbət edəcəyəm. Soruşacağam ki, nəyiniz çatmır? Psixoloji problemləri varsa, psixoloq, maliyyə problemləri varsa, maliyyəçi tapaq. Necə ola bilər ki, ötən mövsüm evdə 5:0 hesabı ilə yendiyimiz “Simurq”a indi evdə, özü də hesabda öndə olduğumuz halda uduzuruq? Baş məşqçimiz nə lazımdırsa, edir. Oyun nəzəriyyəsi və futbolçulara verdiyi tapşırıqlarla bağlı hər şey qaydasındadır. Amma özüm şahidi olmuşam ki, bəzi oyunçular onun tapşırıqlarına əməl etmirlər”.
Qeyd edək ki, Kaxaber Tsxadadze “İnter”ə 2009-cu ilin yayında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda 2009-2010-cu il mövsümündə çempionluq, son 2 mövsümdə isə bürünc medal əldə edib.