Azərbaycanda Velosiped idman növünün yaranması
2016 il iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirilir. Dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizin daha da tanıdılması və idmanın inkişafı baxımından olduqca önəmlidir: “Yarışda dünyanın 47 ölkəsindən 1500-dən çox idmançı iştirak edəcək. Bakıda beynəxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. AzVİF-in 1-ci vitse-prezidentinin sözlərinə görə, Azərbaycana dünya çempionatının keçirilməsinin həvalə olunması əsasən ölkəmizdə yaradılmış idman infrastrukturu və beynəlxalq idman tədbirlərinin təşkilində respublikamızın böyük təcrübəsi ilə bağlıdır: 2015-ci ildə birinci Avropa Oyunlarında iştirak edən beynəlxalq və Avropa Velosipedçilər İttifaqlarının rəhbərləri burada yaradılmış bazanı, dövlətin və şəxsən Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını gördülər və 2018-ci ildə BMX üzrə dünya çempionatının Bakıda keçirilməsi barədə təşəbbüslə çıxış etdilər. Dövlətimizin başçısı bu təşəbbüsü dəstəklədi, bundan sonra hazırlıq işlərinə başlanıldı. 2017-ci il noyabrın 15-də Prezident İlham Əliyev yarışın keçirilməsi ilə bağlı Sərəncam imzaladı və Təşkilat Komitəsi yaradıldı. Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi və aparıcı nazirliklərin, eləcə də aidiyyəti dövlət qurumlarının və idman təşkilatlarının nümayəndələrinin daxil edildiyi bu Komitənin köməyi və dəstəyi ilə çempionata hazırlıq işləri yekunlaşıb.
Tədqiqatlar göstərib ki, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini 50% azaltmaq mümkündür. Velosiped sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır. Bu gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir.
Bir çox ölkələrdə velosiped həm də əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik avtomobilinin yük yerinə yerləşir. Açılıb bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər əsasən şəhər əhalisi üçün əlverişlidir.
Velosiped idman növü həqiqətən də çox gərəkli idman növü və nəqliyyat vasitəsi olmaqla maraqlı yaranma tarixinə malikdir.
Velosiped (fransızca vélocipède "tez ayaq" deməkdir) çox hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici dairəvi hərəkət nəticəsində velosipedlə hərəkət etmək mümkün olur. Müxtəlif tarixi dövrlərdə velosiped ciddi dəyişikliklərə məruz qalıb.
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Avropa İntibah dövrünün ən parlaq nümayəndəsi, ensiklopedik alimi, riyaziyyatçısı, mühəndisi, ixtiraçısı, rəssamı, heykəltəraşı, memarı, musiqiçisi və yazıçısı Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlayır.
Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehtiyacın yaranması ilə stimullaşdırılmışdır. İlk velosipedin görünüşü müasir velosipedlərdən fərqlənirdi. Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edilmiş və tamamilə taxtadan düzəldilmişdir.
XVII əsrdə insanlar tərəfindən hərəkət etdirilən arabalar yalnız nümunə kimi tətbiq olunurdu. Ayaqları tutulmuş saatsaz Stefan Farfler ilk dəfə olaraq dişli çarxların köməyi ilə əllə hərəkətə gətirilən arabanı düzəldir.
XVIII əsrdə insan əzələsi tərəfindən hərəkət etdirilən dördtəkərli araba düzəldilir. Bu araba pedalla sürülürdü. Buna baxmayaraq ağır çəkili arabanı çəkmək üçün güclü əzələyə ehtiyac yaranırdı.
XIX əsrin ortalarında diyircəkli ayaqqabıların geniş yayılması balanslaşma qorxusunu aradan götürmüşdür. İlk dəfə ayaqlarını yerdən götürüb pedala qoyaraq hərəkət edənin 1864-cü ildə Pierre Mişo və ya Pierre Lallementin olması ehtimal edilir. İlk dəfə olaraq pedallı velosiped isə 1853-cü ildə Filip Mority Fişer tərəfindən hazırlanıb. Ötürmə qabaq təkərdə sərt bərkidilmiş qolla-pedalla aparılırdı.
İlk hündür velosiped 1870-ci ildə Parisdə hazırlanır. Yalnız 1878-ci ildə arxa oxla pedalın zəncirlə birləşdirilməsi geniş tətbiq oluna bilir. Bunun sayəsində velosipedin konstruksiyasını yüngül hazırlamaq, idarəni asanlaşdırmaq və əlavə oturacağın yerləşdirilməsi mümkün olur.1880-ci ildə şotlandiyalı Con Danlop kauçukdan hazırlanmış hava ilə doldurulan rezin təkər üzlüklərini ixtira edir. Bu 1845-ci ildə patentləşdirilmiş ixtiranın təkmilləşdirilmiş forması idi. Bununla velospiedlə hərəkət daha rahat olur. 1878-ci ildə ilk dəfə olaraq aluminiumdan hazırlanmış çərçivələrdən istifadə olunur. 1898-ci ildə əyləc və boş gediş mexanizmlərinin hazırlanması ilə velospiedlərdə hərəkət daha da təhlükəsiz olur. Həmin ildə də əl əyləclərin tətbiqi baş verir.
Azərbaycanda velosipeddən istifadənin tarixi XX əsrin əvvəllərindən başlayır. 1924-cü ildə Bakı şəhəri İcraiyyə Komitəsinin qərarı ilə Bakıda nəqliyyatin hərəkətinin tənzimlənməsi məqsədilə 20 nəfərdən ibarət velosipedlə hərəkət edən milis dəstəsi təşkil edilmişdi. Velosipedlər daha çox məktəbli və tələbələr tərəfindən yarışlarda istifadə olunurdu. Ölkədə iri miqyaslı velosiped yarışlarının keçirilməsi 40-cı illərə təsadüf edir. 50-ci illərdə Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin çempionatlarda uğurla iştirak edirdilər. İdmanın inkişafına böyük önəm verən Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilmişdir.
Müstəqil Azərbaycanda Velosiped Federasiyası 1992-ci ildə yaradılsa da, yalnız 2011-ci ildə, yenidən təşkil edildikdən sonra idmanın digər sahələrində olduğu kimi, ciddi dəyişikliklərə start verib. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilib, peşəkar idman federasiyaları yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısına cavab olaraq, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən ölkəmizdə velosiped idmanının inkişafı ilə bağlı məqsədyönlü tədbirlər görülməyə başlanıb.
14 avqust 2013-cü il tarixində möhtərəm prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edərkən bu fikri söyləmişdir:
"Biz indi Bakıda velosiped zolaqları yaradırıq. İndi Yeni bulvar ərazisində bir neçə zolaq vardır. Bilirəm ki, səhər-axşam həm uşaqlar, həm də ki, bəzi hallarda yaşlı insanlar da velosiped sürürlər. Çox yaxşı idmandır. Burada da baxın, fikirləşin. Şəhərsalma ilə bağlı indi kompleks plan hazırlanır. Yəqin ki, burada da velosiped zolaqları olmalıdır. Bu, bizdə əvvəllər çox da yayılmamışdır. Amma bu, həm gözəl idman növüdür, həm də nəqliyyat vasitəsidir. İndi bir neçə ölkədə bundan istifadə edirlər".
Azərbaycanda daha yüksək səviyyəli velosiped yarışlarının keçirilməsinə 2009-cu ildən başlanılıb. 2009-cu ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) AzVİF ilə birgə velosiped idman növünün çoxnövçülük şose ötüşmələri üzrə Bakı şəhər çempionatı keçirilib. Ardınca ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Böyük Qafqaz” veloyürüşü təşkil edilib.
Azərbaycanda velosiped idman növünün yüksək səviyyədə inkişafı üçün vacib tədbirlər həyata keçirilir.
Beynəlxalq velosiped yarışları sırasına Tur de Azərbaycan adlı yeni bir turnir də daxil olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan və yüksək səviyyədə təşkil olunan çoxgünlük veloyarışda dünyanın tanınmış idmançıları, güclü komandaları qələbə uğrunda mübarizə aparır. İlk dəfə Azərbaycanda keçirilən Avropa Oyunları proqramına veloidmanın da daxil edilməsi bu növə marağı daha da artırıb. Müasir starndardlara cavab verən Velotrek və dağ velisipedi parkı idmançıların və bu idmana həvəskar səviyyədə maraq göstərənlərin ixtiyarındadır.
Çox maraqlıdır ki, dünyanın bütün ölkələrində görkəmli şəxsiyyətlər – ölkə başçıları, diplomatlar, yazıçılar, aktyor və müğənnilər, alimlər və rəssamlar, o cümlədən Bayron, Albert Eynşteyn, Mark Tven, Konan Doyl, Lev Tolstoy, Con Kennedi , Merlin Monro, Barak Obama, Marçello Mastroyanni, Sofi Loren, Devid Bekhem, Ernest Heminquey və bir çox başqaları velosipeddən istifadə etmişlər. Ədəbiyyatda, kinoda, musiqili video və fotosənətdə velosipedin özünəməxsus kultunun peyda olması təəccüb doğurmur. Müxtəlif dövrlərdə yaranmış aforizmlər bir daha sübut edir ki, yarandıqdan bəri bu nəqliyyat vasitəsi öz aktuallığını itirməmişdir. Həmin aforizmlərdən bir neçəsini xatırlatmaq yerinə düşər:
Velosiped sürməyi sevən insan təbiətən rəhmdil olur. Men Tsı - Çin filosofu; Həyat, velosiped sürmək kimidir. Tarazlığınızı saxlamaq üçün, hərəkət etməlisiniz. Albert Eynşteyn – alman fiziki; Mən velosipeddə yaşlı adam gördükdə bütün bəşəriyyət üçün arxayınlaşıram! Herbert Corc Uells – ingilis yazıçısı və publisisti; Heç bir şey velosipeddə gəzintidən gələn sadə həzzlə müqayisə edilə bilməz. Con Kennedi - ABŞ-ın 35-ci prezidenti; Heç bir digər ixtira velosiped qədər qadın azadlığına xidmət etməmişdir. O, qadına azadlıq və özünəinam hissi bəxş edir. Entoni Syüzen - Amerikalı ictimai xadim və s.
Onu da bilmək maraqlı olar ki, hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur.
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına gəlmişkən, Dünya çempionatının yarış direktoru Teodor Fişer yarışın yüksək səviyyədə təşkilinə görə, Təşkilat Komitəsinə minnətdarlığını bildirib: “Azərbaycan dünya çempionatını yüksək səviyyədə təşkil edir. Bu, həm Azərbaycanın, həm də idmanın təbliğinə müsbət təsir edəcək. Təşkilat Komitəsi çox böyük iş görüb. İyunun 5-də isə idmançılar medallar uğunda mübarizə aparacaqlar. İnanıram ki, Bakıda dünyanın ən yaxşı çempionatlarından biri keçiriləcək”.
“Azerbaijan Realities”
477