Azərbaycan millisinə israilli cüdoçu gətirilir
05 iyun 2013 17:42 (UTC +04:00)

Azərbaycan millisinə israilli cüdoçu gətirilir

İsrailin aparıcı qadın cüdoçularından sayılan Alis Şlezinger vətəndaşlığını dəyişərək, Azərbaycan adından çıxış edə bilər. Lent.az-ın “Ukrayna cüdosu” agentliyinə istinadən verdiyi məlumata görə, Şlezingeri bu addıma İsrail Cüdo Federasiyası ilə münasibətlərinin kəskin pisləşməsi sövq edib.

 

Cüdoçu federasiyanın onu 63 kq çəki dərəcəsindən daha ağır çəkiyə - 70 kq-a qaldırmaq və İsrailin qadın yığmasının baş məşqçisi Şani Gerşkonun rəhbərliyi altına keçirmək istəyinə qarşı çıxıb. O vaxtadək Şlezinger Ukrayna əsilli əri Pavel Musinin rəhbərliyi altında məşq edib. Digər tərəfdən, Gerşko bu cüdoçunun əsas rəqibi Yarden Gerbinin şəxsi məşqçisidir. Martın sonlarında onlar Türkiyədə Qran-pri turnirinin yarımfinalında üz-üzə gəliblər. Əvvəlki 2 görüşdən fərqli olaraq, bu dəfə Gerbi qalib gəlib. Amma Şlezingerin əri və məşqçisi Türkiyəyə öz vəsaiti hesabına gedib. Turnirin ardından bu cüdoçu federasiya rəhbərliyindən şəxsi məşqçisinin Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatına səfər xərclərini ödəməyi tələb edib. Lakin o, rədd cavabı alıb. Bundan sonra Şlezinger və Musin çempionatda iştirakdan imtina ediblər.

 

Belə bir məqamda Azərbaycan tərəfi ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib. Əvəzində 25 yaşlı idmançı ölkəmizin şərəfini qorumalıdır. Şlezinger belə bir təklifi bu yaxınlarda Bakıya şəxsi səfəri zamanı alıb. Eynilə Türkiyə və Böyük Britaniya yığmaları da onunla maraqlanır.

 

Hazırda Şlezingerin vəkili onun gələcəkdə də İsrailin şərəfini qoruması üçün əlindən gələni edəcəyini deyir. Lakin İsrail Cüdo Federasiyası yaranmış vəziyyətdən çıxış yolu tapmaq və kompromis qərarlar qəbul etmək istəmir.

 

Qeyd edək ki, Alis Şlezinger 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edib. O, 2009-cu il dünya çempionatında və Avropa çempionatlarında 3 dəfə bürünc medal qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722
avatar

Oxşar yazılar