Azərbaycan kubokunda ilk “Böyük Final”
28 may 2013 17:22 (UTC +04:00)

Azərbaycan kubokunda ilk “Böyük Final”

0

Futbol üzrə Azərbaycan kuboku tarixində ilk dəfə finalda “Böyük oyun” baş tutacaq. Lent.az-ın məlumatına görə, mayın 28-də “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək oyunla 2012/2013-cü il mövsümünə yekun vurulacaq.

 

Mövsümün son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu, əzəli rəqiblər arasında 28-ci duel olacaq. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Matçların 11-də qalib müəyyənləşməyib. Komandalar hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Top fərqində bakılılar hələlik öndədir – 28:25.

 

27 matçdan 25-i Azərbaycan çempionatı çərçivəsində baş tutub. Kubokda isə yolları yalnız 1 dəfə kəsişən komandalar 2010/2011-ci il mövsümündə ¼ finalda 2 dəfə üz-üzə gəlib. Finalda isə azarkeşlər ilk dəfə “Böyük oyun” izləyəcək.

 

Kubokdakı yeganə duel “Xəzər Lənkəran”ın xeyrinə başa çatıb. Bakıdakı məhsuldar oyunda 4:3 hesabı ilə qalib gələn cənublular evdəki 1:1 hesablı bərabərliklə mərhələ adlayıb. Kubokda “Neftçi”yə uduzmayan Lənkəran təmsilçisi tarixində 4-cü dəfə bu mükafatı qazanmaqla rekorda şərik ola bilər. Hələlik “Neftçi” və “Kəpəz” hamıdan çox - hərəyə 4 dəfə kuboku başı üzərinə qaldırıb.

 

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması saat 20:00-da başlanacaq. Azarkeşlər saat 19:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan kubokunun açılış mərasimini və müğənni Röyanın iştirakı ilə möhtəşəm şou-proqramı izləyə bilərlər. Oyundan dərhal sonra isə Chevrolet Aveo avtomobili, smartfon və planşetlərin uduşu keçiriləcək. Finalın ən yaxşı oyunçusu SMS səsverməsi ilə seçiləcək. Azarkeşlər bütün mobil operatorlardan 9192 qısa nömrəsinə boşluq buraxmadan komandanın baş hərfini və futbolçunun forma nömrəsini göndərməklə səsvermədə iştirak edə bilərlər.
 

Nümunə:
n6 (Neftçi, Rəşad Sadiqov)                                           

x14 (Xəzər Lənkəran, Rahid Əmirquliyev)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1022

Oxşar yazılar