Aqil Məmmədov: “Mənə bəslənən ümidləri doğrultmağa çalışacağam”
Futbol üzrə Topaz Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, 2013/2014-cü il mövsümündə komandaya Aqil Məmmədov rəhbərlik edəcək.
Klub daxili iclasdan sonra 41 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Məmmədov 2011/2012-ci il mövsümündə “Sumqayıt”da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi-məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov ötən mövsümündə əsas komandada Bernhard Raabın köməkçisi olub. Raabla müqavilə müddəti uzadılmadıqdan sonra o, baş məşqçi vəzifəsinə təyinat alıb.
Məmmədov klubun rəsmi saytına müsahibəsində təyinatını belə şərh edib: “İlk növbədə “Sumqayıt” rəhbərliyinə mənə bu vəzifəni təklif etdiklərinə görə təşəkkür edirəm. Futbolçu karyeram ərzində Azərbaycanın ən güclü məşqçiləri ilə çalışmışam. Karyeramı bitirdikdən sonra isə “Sumqayıt”da əvəzedici komandada Vaqif Paşayevin köməkçisi, daha sonra əsas komandada Bernhard Raabın rəhbərliyi altında işləmişəm. Həm futbolçu olduğum dönəmdə, həm də son dövrlərdə almaniyalı mütəxəssislə işlədiyim zaman ondan çox şeylər öyrənmişəm. Mənə bəslənən ümidləri doğrultmağa çalışacağam. Çətinlikdən qorxmuram. “Sumqayıt” bir ailədir. Olduqca mehriban kollektivimiz var. İki mövsüm ərzində bu ailədə bir dəfə də olsun xoşagəlməz hadisə ilə qarşılaşmamışam. Çətinlik çəkəcəyimi heç düşünmürəm”.
Yeni baş məşqçi daha çox gənc futbolçuların yetişdirilməsinə önəm verəcəklərini də açıqlayıb: “Sumqayıtda futbolun inkişafı üçün bazanın inşası yekunlaşmaq üzrədir. Sumqayıt İdman Mərkəzinin sayəsində bu şəhərdən böyük futbolçular çıxacaq. “Sumqayıt”ın özünün strategiyası var. Biz klub olaraq, daha çox gənclərə üstünlük veririk və milli komandalar üçün futbolçular yetişdiririk. Baş məşqçi təyin olunsam da, əvvəlki kimi uşaq komandalarında seleksiya işlərinə nəzarət edəcəyəm”.
Köməkçilərini yaxın günlərdə açıqlayacaq Məmmədov Anar Nəzirov, Vüqar Əsgərov və Vurğun Hüseynovdan əlavə yeni oyunçular alacaqlarını da söyləyib: “Klubumuzda transferlər texniki heyətin təşəbbüsü ilə icra olunur. Əlbəttə, hər üç futbolçunun transferi zamanı geniş fikir mübadiləsi aparılıb. Hər üç futbolçu komandaya xeyir verəcək. Amma transferlərimiz bununla bitməyəcək. Yaxın günlərdə həm təcrübəli futbolçuları, həm də gələcək vəd edən gəncləri heyətə cəlb edəcəyik. Eyni zamanda, komandada qalacaq və kollektivi tərk edəcək futbolçuların adları yaxın günlərdə məlum olacaq”.