Futbol üzrə Avropa kuboklarında mübarizə aparacaq Azərbaycan klubları ilə onların ilk rəqibləri arasında böyük səviyyə fərqi var. Lent.az UEFA-nın klub reytinqinə əsasən belə qənaətə gəlib.
“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində sınağa çəkəcəyi Albaniya “Skenderbeu”sunu 109 pillə qabaqlayır. Hazırda flaqman 227-ci, rəqib isə 336-cı pillədə yer alıb.
Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizdən ən reytinqlisi “Qarabağ”dır. 228-ci pillədə olan Ağdam təmsilçisi “Makedoniya “Metallurq”unu 125 pillə qabaqlayır.
294-cü pillədə olan Bakı “İnter”inin rəqibi Finlandiya “Mariehamn”ı 450 komandanın yer aldığı UEFA reytinqinə ümumiyyətlə düşməyib.
322-ci pillədə olan “Xəzər Lənkəran”la Malta “Slima”sı arasındakı fərq isə nisbətən azdır. Hazırda “Slima” 81 pillə geridə - 403-cü mövqedə yer alıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” və “Qarabağ” ilk görüşlərini iyulun 2-də səfərdə, “İnter” iyulun 4-də “Bayıl Arena”da, “Neftçi” isə iyulun 17-də “Bakcell Arena”da keçirəcək.