Azərbaycan idmanında KURYOZ: avarçəkənimiz cüdoçu oldu
04 may 2013 18:42 (UTC +04:00)

Azərbaycan idmanında KURYOZ: avarçəkənimiz cüdoçu oldu

 

Kayak qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandasının keçmiş üzvü Nuriyyə Axundova cüdo yığmamızın heyətinə cəlb olunub. Lent.az-ın məlumatına görə, Axundova mayın 4-də Bakıda start götürən “Böyük dəbilqə” turnirinə qatılıb.

 

O, 63 kq çəki dərəcəsində yer alıb. Amma idmançımızın çıxışı elə də ürəkaçan olmayıb. Təmsilçimiz elə ilk görüşdəcə almaniyalı Martina Traydosa uduzaraq, mübarizəni dayandırıb.

 

Azərbaycan Milli Avarçəkmə Federasiyasında kayak üzrə məşqçi kimi çalışan Larisa Axundova yetirməsinin cüdo ilə məşğul olmasının səbəbini Lent.az-a açıqlayıb. O bildirib ki, Nuriyyə Axundova fiziki cəhətdən güclü idmançıdır. Amma onun kayak növündə daha yaxşı nəticələr göstərməsi üçün lazımi şərait yoxdur: “Nuriyyə son 2 ildə kayak üzrə heç bir beynəlxalq yarışa aparılmayıb. Bakıda avarçəkmə üzrə məşğuliyyət imkanları yox səviyyəsindədir. Bununla belə, ötən ay Mingəçevirdə keçirilmiş Beynəlxalq Prezident Kuboku Reqatasında o, 1 nəfərlik qayıqla yürüşdə 2-ci yeri tutdu. Nuriyyə fiziki cəhətdən hazırlıqlı olduğundan, cüdo məşqlərinə də qatılır. Bu yaxınlarda isə Azərbaycan birinciliyində gümüş medal qazanıb”.

 

Qeyd edək ki, indiyədək Azərbaycan idmançılarının bir növdən digərinə keçidi hallarına dəfələrlə rast gəlinib. Yerdəyişmələr əsasən, təkbətək mübarizə növləri arasında baş verib. Amma avarçəkənin cüdoçuya çevrilməsi, üstəlik, milli komandaya cəlb olunması ilk dəfədir müşahidə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262
avatar

Oxşar yazılar