Azərbaycan futbolunda görünməmiş hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” klubunun hücumçusu Ernest Nfor Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə Gürcüstanda baş tutan matçında het-trikə imza atıb.
İlk 45 dəqiqədə 3 qola imza atan kamerunlu hücumçu 3:2 hesablı qələbəmizin memarı olub. Nfor Azərbaycan futbolu tarixinə avrokuboklardakı 2-ci het-trikin müəllifi kimi düşüb.
İlk belə hadisə 14 il əvvələ təsadüf edib. Həmin vaxt “Şəmkir”in gürcüstanlı legioneri Badri Kvaratsxeliya bir matçda 3 qol vurmuşdu. Milliləşən futbolçu Latviya “Skonto”su ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda het-trik müəllifi olmuşdu.
Lakin Nfordan fərqli, Badri het-triki 90 dəqiqədə deyil, əlavə vaxtda rəsmiləşdirmişdi. Həmin vaxt oyun 2:1 hesabı ilə başa çatmışdı və nəticənin 4:1-ə çatdırılması Badrinin qol satını 3-ə yüksəltməsi ilə mümkün olmuşdu.
Elə buna görə də Nfor 90 dəqiqədə 3 qol vuran ilk futbolçu kimi tarixə düşdü. İndiyədək avrokuboklarda belə hadisə görünməmişdi ki, Azərbaycan klubunun üzvü əsas vaxtda 3 dəfə fərqlənsin. Afrikalı həm də əvvəl UEFA kuboku, indi Avropa Liqası adlanan yarışda ilk belə uğurumuzun sahibidi.