Mayın 24 – 26 tarixində Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Macarıstan Respublikasına rəsmi səfər edib.
Milli Paralimpiya Komitəsi Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,səfərin əsas məqsədi Azərbaycan və Macarıstan Milli Paralimpiya Komitələri arasında əməkdaşlığın istiqamətlərini müzakirə etmək və Macarıstan Paralimpiya Komitəsinin prezidenti Zsolt Gömorini Azərbaycana dəvət etməkdən ibarət olub.
Səfər zamanı nümayəndə heyəti Macarıstan Paralimpiya Komitəsinin Prezidenti Zsolt Gömöri ilə yanaşı, insan resursları nazirinin idman məsələləri üzrə müavini və bir sıra digər nümayəndələr ilə görüşüb.
Səfərin yekunlarını şərh edən Qasımov Macarıstan insan resursları nazirinin idman məsələləri üzrə müavini, əfsanəvi qılıncoynadan, dünyada ilk Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı kimi tanınan Pal Şekeres ilə görüşü xüsusi vurğulayıb
Onun sözlərinə görə, çox qədim idman ənənələri ilə tanınan və dünya şöhrətli idmançılara malik Macarıstan idman rəsmilərinin Azərbaycanda idmanın inkişafı haqqında söhbətləri qürurverici idi.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti üçün Macarıstan Nəqliyyat Nazirliyinin «Lokomotiv» paralimpiya idman klubunda tur təşkil edilib. Budapeştin əski idman klublarından biri kimi tanınan bu paralimpiya idman kompleksində əlilliyi olan idmançıların kütləvi təlim və məşqi üçün hər cür şərait yaradılıb.
Üç gün müddətində aparılan danışıqlar və müzakirələr nəticəsində Azərbaycan üçün yeni olan qılıncoynatma, üzgüçülük, stolüstü tennis, paratriatlon, avarçəkmə, Macarıstanın inkişaf etdirmək istədiyi cüdo və atletika idman növlərində məşqçi, idmançılar üçün təlim-məşq toplantıları, informasiya və təcrübə mübadiləsi, qış paralimpiya oyunların yaradılması, idman təbabəti, kütləvi əlil idman tədbirlərinin keçirilməsi və sair bu kimi digər sahələri əhatə edən geniş əməkdaşlığa dair razılaşma əldə edilib.
N. Qasımov müzakirələr zamanı əldə olunmuş razılaşmaların rəsmiləşdirilməsi üçün P. Şekiresi və Z. Gömörünü Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun adından Azərbaycana dəvət edib. Razılaşmaya əsasən cənab P. Şekiresin və Z. Gömörünün iyulun sonunda Bakıya gələcəkləri gözlənilir.