“İdman dırmanması üzrə Dünya Kuboku Azərbaycanda ilk dəfədir keçirilir. Dünyanın 11 iqlim qurşağından 9-u ölkəmizdə yerləşir. Bizim gözəl dağlarımız var. Ona görə də idman dırmanması növünün inkişafı ölkəmiz üçün çox vacibdir”. Lent.az-ın məlumatına görə, bunu idman dırmanması üzrə Dünya Kubokunun açılış mərasimində jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Dünya Kubokunu möhtəşəm yarış kimi dəyərləndirən nazir bildirib ki, hazırda alpinizm, qayaya dırmanma növləri ilə çoxlu gənc məşğul olur. Müxtəlif yerlərdə qayaya dırmanma qurğusu tikilir. Onlardan 2-si artıq istifadəyə verilib.
A.Rəhimovun fikrincə, azərbaycanlı gənclər üçün idman dırmanması növü çox vacibdir: “Məncə, bu növ böyük kütləni əhatə edə bilər. Çalışırıq, əlimizdən gələni edirik ki, idman dırmanmasına daha çox idmançı cəlb edək”.