Türkiyənin “Fənərbağça” futbol komandasının baş məşqçisi Aykut Kocaman istefa verib. Lent.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis klub prezidenti Aziz Yıldırım və digər rəsmilərlə görüşdən sonra belə qərara gəlib.
Onunla Yıldırım arasında səbəbi məlum olmayan gərginliyin yarandığı və bundan sonra Kocamanın “Artıq yoruldum, istefa verirəm” dediyi üzə çıxıb. Qərardan öncə baş məşqçi İngiltərənin paytaxtı Londonda olub. O, Aziz Yıldırımla münasibətləri soyuq olan Ali Yıldırımla birgə Çempionlar Liqasının finalını izləyib. Klub prezidenti bundan qəzəblənib. Əvvəlcədən isə Kocamanla Aziz Yıldırım arasında transferlərlə bağlı məsələdə fikir ayrılığı olub.
Klub prezidenti qardaşının da “Fənər” rəhbərliyindən istefasını istəyib. Məsələyə bu gün aparılacaq danışıqlardan sonra tam aydınlıq gələcək. Kocamanın da qərarını dəyişdirib-dəyişdirməyəcəyi böyük maraqla gözlənilir.