Avtoyürüşçülər bu gün Bakını tərk edəcəklər
11 iyun 2013 15:01 (UTC +04:00)

Avtoyürüşçülər bu gün Bakını tərk edəcəklər

0

“Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq – Bakı - Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yürüş Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) və nazirliyin dəstəyi ilə həyata keçirilib.

 

Məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, II Dünya Müharibəsi və Vətənimizin tarixinə marağın artırılmasından ibarətdir. Mayın 6-da  Sankt-Peterburqdan  başlayan beynəlxalq avtoyürüş çərçivəsində 15 “Lifan” və 1 “Qazel” markalı avtomobil Rusiyanın 19 şəhərindən keçərək Azərbaycana daxil olub. Onlar Xaçmazın fəal gəncləri ilə görüşdən sonra Qubaya yola düşüblər. Həmin gün yürüş iştirakçıları Qubada “Naməlum əsgər” abidəsini ziyarət edib, Quba rayonu İcra Hakimiyyətinin rəhbərliyi, rayon gəncləri və II Dünya Müharibəsi veteranları ilə görüşüblər. Yürüş iştirakçıları Heydər Əliyev muzeyi ilə də tanışlıqdan sonra Quba Xalçaçılıq Mərkəzi, Tarix və Etnoqrafiya Muzeyini də ziyarət ediblər.

 

İyunun 7-də qonaqlar Qəbələdə “Qəbələnd” istirahət və əyləncə parkında olub, növbəti gün Böyük Vətən Müharibəsi Memorialını ziyarət edib, Qəbələ rayonu İcra Hakimiyyətinin rəhbərliyi, rayon gəncləri və Böyük Vətən Müharibəsinin veteranları ilə görüşüblər. Onlar daha sonra “Beltman” piano fabriki, Tarix-Etnoqrafiya Muzeyi, Nic qəsəbəsində yerləşən Alban kilsəsi, İdman-atıcılıq kompleksinə səfər ediblər.

 

İyunun 10-da avtoyürüş iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək, Heydər Əliyevinin məzarı və iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklillər və gül-çiçək dəstələri qoyublar. Avtoyürüş iştirakçıları Bakının mədəni-tarixi abidələrini ziyarət edib, “Hilton” mehmanxanasının “Sevda” zalında Böyük Vətən Müharibəsi veteranları və tələbə gənclər təşkilatlarının sədrləri ilə görüş keçiriblər. Görüş zamanı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 1941-1945-ci illər Böyük Vətən müharibəsinin canlı şahidləri olan veteranların taleyi və keçdikləri şərəfli yol, Azərbaycanda həyata keçirilən “Yaşayan Tarix” layihəsi haqqında geniş məlumat verilib. Avtoyürüş iştirakçıları tərəfindən “Bizim ümumi qələbəmiz” layihəsinin təqdimat mərasimi keçirilib, veteranlardan müsahibələr alınıb. Həmin gün iştirakçılar Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevlə görüşüblər. Onlara Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı geniş məlumat verilib.

   

Qeyd edək ki, iştirakçılar iyunun 11-də Bakını tərk edərək Moskva istiqamətində yürüşü davam etdirəcəklər. Yürüş Rusiya paytaxtında təntənəli mərasimlə yekunlaşacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 731

Oxşar yazılar