Futbol üzrə Avstraliya milli komandası Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatına vəsiqəni təmin edib. Lent.az-ın məlumatına görə, “yaşıl qitə” komandası ardıcıl 3-cü dəfə mundialda iştirak edəcək.
Bu dəfə Avstraliya millisi İraqı 1:0 hesabı ilə yenərək, B qrupunda 2-ci yerin sahibi kimi dünya çempionatında oynamaq hüququ qazanıb. Yeganə qolu 83-cü dəqiqədə Coşua Kennedi vurub. Daha öncə Yaponiya qrup lideri kimi mundiala vəsiqə əldə edib. Daha bir vəsiqə isə təşkilatçı ölkə - Braziliyaya məxsusdur.
Qeyd edək ki, iyunun 18-də daha bir ölkə dünya çempionatına vəsiqəni təmin edə bilər. Bu vəsiqələrə Cənubi Koreya, İran və ya Özbəkistan iddialıdır. Koreyalılar hazırda davam edən oyunda İrana evdə hətta 0:1 hesabı ilə uduzsalar, dünya çempionatına yollana biləcəklər. Amma həmin nəticə Özbəkistanı qane etməyəcək. “Neftçi”nin hücumçusu Bahodir Nasimovun çıxış etdiyi yığma Qətəri evdə yenməlidir.
Asiya qitəsindən dünya çempionatına 4 ölkənin vəsiqəsi təmin olunub. Daha bir vəsiqə Şimali və Mərkəzi Amerikada 4-cü yeri tutan komanda ilə “pley-off” matçının qalibinə veriləcək.