İsveçrənin Lozanna şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) növbədənkənar Baş Assambleyası keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva təmsil edib.
Assambleya çərçivəsində ANOC-un Konstitusiyasına əsaslı dəyişiklik edilib və əlavələr qəbul olunub. Əlavələr sırasında qadınların dünya idman ictimaiyyətində rolunu artırmaq məqsədilə hər qitədən bir xanım nümayəndənin tədbirdə iştirakı da yer alıb. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “köhnə qitə”ni təmsil etmək şərəfinə Nurullayevanı layiq görüb.
Qeyd edək ki, toplantı zamanı 2020-ci il Yay Olimpiya Oyunları uğrunda mübarizə aparan Tokio (Yaponiya), İstanbul (Türkiyə) və Madrid (İspaniya) şəhərlərinin namizədlik komitələrinin, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının, həmin il Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının, 2016-cı il Yay Olimpiya Oyunlarının təşkilatçısı Braziliyanın Rio-de-Janeyro, Gənclərin II Qış Festivalına ev sahibliyi edəcək Norveçin Lillehammer şəhərlərinin Təşkilat Komitələri təqdimatla çıxış ediblər. Tədbir zamanı NOCA-nın yeni iqamətgahının açılışı olub.