Avropa Şurasının idmana məsul nazirlərinin konfransı yekunlaşıb
19 sentyabr 2014 12:24 (UTC +04:00)

Avropa Şurasının idmana məsul nazirlərinin konfransı yekunlaşıb

 

Sentyabrın 17-dən İsveçrənin Makolin şəhərində öz işinə başlamış  Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü konfransı yekunlaşıb. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.   

 

 

Azərbaycanı konfransda gənclər və idman naziri Azad Rəhimov təmsil edib. Konfransın açılış günü İsveçrənin müdafiə, mülkü müdafiə və idman naziri Ueli Maurer sədr, Azad Rəhimov isə sədr müavini seçilib.

 

Konfrans Azərbaycanın 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutub. Bu səbəblə tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azad Rəhimov çıxış edib. Çıxışı zamanı nazir Azərbaycanın daim bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyini etdiyini və 2015-ci ildə ilk dəfə olaraq Avropa oyunlarının ölkəmizdə keçiriləcəyini qeyd edib. Nazir hər bir idman yarışında tamaşaçı zorakılığının, idmanda korrupsiya hallarının qarşısının alınmasının çox önəmli olduğunu  qeyd edib və Azərbaycanın daim bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

 

Konfrans zamanı “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı”  adlı qətnamələr qəbul edilib.  

 

Tədbir zamanı  “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzalanmağa açıq elan edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyaya imza atan ilk ölkə olub. İmzalanma mərasimində Avropa Şurasının Baş Katibi T. Yaqland da iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475
avatar

Oxşar yazılar