Avropa Oyunlarında “Basketbol 3X3” versiyası
İntensiv məşqlərə başlayan Azərbaycan milli komandası qələbəyə iddialıdır
Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq davam edir. Bütün idman obyektlərində işlər başa çatmaq üzrədir. Hazırlıq işləri həm də idmançılara aiddir. İdmançılar dünyada ilk dəfə keçiriləcək bu yarışlarda adlarını tarixə yazmaq üçün məşqlərini intensivləşdiriblər. Basketbol üzrə kişilərdən ibarət milli yığmamızın bir neçə saat davam edən təlim məşq toplantısını izlədik. Basketbolçularımız həyəcanlı, yorğun, mübariz və iddialıdır.
Birinci Avropa Oyunlarında ilk dəfə olaraq basketbol üzrə yarışlar 3x3 şəkilində keçiriləcək. Odur ki, idmançılarımız medallar uğurunda mübarizə aparmaq üçün hər gün bu cür məşq keçirlər.
Artıq 10 ildir ki, basketbolla məşğul olan Amil Hamzayev 2005-ci ildən milli komandanın heyətində çıxış edir. 4 qat respublika çempionu olan 2 metr 3 santimetr boylu basketbolçumuz indiyədək bir neçə dəfə beynəlxalq mükafat qazanıb. Azərbaycanda yeni inkişaf etməyə başlayan basketbolun adıçəkilən növü ilə məşğul olan Amil deyir ki, bu, klassik basketboldan xeyli çətindir: “Bu oyun növü açıq havada oynanılır. Havanın böyük rolu var. Bir səbətə oynanılır. Əsas üstünlük ucaboy və fiziki güclü oyunçulara verilir. Demək olar ki, cərimələrdə kobud oyuna icazə verilir”.
Basketbol 3x3 oyununda hər iki komandanın oyunçuları standart meydançadan iki dəfə kiçik yerdə topu eyni halqaya atırlar. Hər komanda üç oyunçudan və bir əvəzedicidən ibarətdir. Bu idman növü ilk dəfə beynəlxalq arenada 2010-cu ildə Sinqapurda keçirilmiş yarışlarda yer alıb və daha sonra “şəhərdə bileti ən baha qiymətə satılan oyun” kimi adlandırılıb. Əvvəlcə stritbol və ya küçə basketbolu adlandırılan “Basketbol 3x3” oyunu basketbolun bütün dünyada inkişaf etməsi üçün katalizator rolunu oynayır və dünyada şəhərlərdə ən geniş yayılan komanda idmanı növüdür.
Oyunlarda iştirak edəcək namizədlər sırasında olan Amil ilk Avropa Oyunlarının Bakıda keçirilməsini həm Azərbaycan üçün, həm də adlarını tarixə yazmaq üçün özlərinə verilən şans hesab edir. Amil həm də ilk Avropa Oyunlarının idman elçilərindən biridir.
“Bakıya gələcək komandaların demək olar ki, hamısı son Avropa çempionatında iştirak etmiş komandalardır. Tək Serbiyadan başqa bütün komandalarla müxtəlif turnirlərdə qarşılaşmışıq. Son Avropa çempionu olan Rumıniyanı Amsterdamda qalib olduğumuz turda iki dəfə məğlub etmişik. Məncə bunun özü bizim yarışlarda favorit olmağımızın göstəricisidir”.
Komandanın digər üzvü Valeri Ramazanov da oyunlarda iştirak etməyə iddialıdır: “6 ildir ki, milli komandada məşq edirəm. İndi qarşıdan Avropa Oyunları gəlir. İntensiv məşqləri davam etdiririk”.
Milli komandanın kişilərdən ibarət baş məşqçisi Elxan Əliyev bu idman növünün yeni olduğunu deyir. Baş məşqçinin sözlərinə görə, milli komandaya cəlb edilən basketbolçularımız kifayət qədər çalışqan və iddialıdır. Gün ərzində bir neçə saat davam edən məşq zamanı idmançılarla müxtəlif taktikalar üzərində çalışan baş məşqçi onlardan gözləntilərinin çox olduğunu deyir: “Bir il ərzində Azərbaycan yığma komandası Avropa çempionatı çərçivəsində 26 görüş keçirdi. 22 oyunda qələbə qazanmışıq. Son Avropa çempionatının təsnifat mərhələsində Amsterdamda oynadıq, 8 komanda arasında birinci olduq. Məni məşqlər çox qane edir. Ona görə ki, uşaqların hamısı başa düşürlər ki, bu, bizim qarşımızda çox önəmli məsuliyyətdir. Azərbaycan bayrağını qaldırmaq çox şərəfli işdir. Hər kəs bu məsuliyyəti başa düşür”.
Baş məşqçi deyir ki, hazırda xarici klublarda oynayan idmançılar Bakıya gəldikdən sonra 40 gün ərzində Azərbaycan və Türkiyədə məşqlər edəcəklər. Bu, komandanın Avropa Oyunları ərəfəsində ən uzun müddətli məşqləri olacaq. Elxan Əliyev milli komandaya əsas namizədlərin adlarını da açıqlayıb: “Oyunlarda 4 nəfər olur. Biz 10 nəfərin arasından sonda ən hazırlıqlı olanları, bizə qalibiyyət qazandıranları seçəcəyik. Namizədlər arasında Fuad Niftəliyev, Amil Hamzayev, Roland Əliyev, Orxan Hacıyev, Valeri Ramazanov, iki amerikalı legionerimiz var.
“Basketbol 3x3” Bakı 2015 Avropa Oyunlarında oynanılacaq beş qeyri-olimpiya idman növləri arasındadır. Bu yenilikçi idman növündə ümumilikdə 128 idmançı, kişilər üzrə 16 və qadınlar üzrə 16 komanda yarışacaq. Təsnifat siyahısına uyğun olaraq kişilər arasında yarışlarda Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İsrail, Rusiya, Azərbaycan, Türkiyə, Çexiya, İsveçrə, İtaliya və Andorra komandaları iştirak edəcək. Qadınlar arasında yarışlarda Rusiya, Sloveniya, Belçika, Niderland, Litva, Rumıniya, Türkiyə, İsveçrə, Ukrayna, İspaniya, İrlandiya, Çexiya, İsrail, Yunanıstan, Slovakiya və Azərbaycan komandaları qızıl medal uğrunda mübarizə aparacaqlar.
23-26 iyunda Avropa Oyunları Parkında keçiriləcək “Basketbol 3x3” turnir yarışları 2000 tamaşaçı üçün nəzərdə tutulmuş müvəqqəti basketbol arenasında baş tutacaq.
302